logo

"Azərsu" ASC-də Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 22-06-2012 16:52

             

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüşmüşdür. Səhmdar Cəmiyyətin sədri Azərbaycanda həyata keçirilən investisiya proqramlarında Almaniya bankının yaxından iştirakını yüksək qiymətləndirərək “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirmiş və bu əməkdaşlığın davam etdiriləcəyini vurğulamışdır. 

  Nümayəndə heyətinin rəhbəri xanım Ursula Heister “Azərsu” ASC tərəfindən aparılan su təchizatı və kanalizasiya layihələrinin icrası, abonent bazasının təkmilləşdirilməsi, ön ödəmə sisteminin tətbiqi istiqamətində görülən işləri və yeni texnologiyaların tətbiqini yüksək qiymətləndirmişdir. Tender prosedurlarının beynəlxalq standartlara uyğun keçirildiyini deyən missiya rəhbəri tezliklə Gəncə şəhərində su və kanalizasiya şəbəkələrinin inşasına başlanılacağını bildirmişdir: “Layihənin digər mərhələlərinin maliyyələşdirilməsi ilə bağlı yeni kredit müqaviləsi hazırlanır və sənəd Azərbaycan Hökumətinə təqdim ediləcək”. 

  Qeyd edək ki, Almaniyanın KfW Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan Respublikası Hökuməti tərəfindən maliyyələşdirilən “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə və Şəki şəhərlərində aparılan tikinti işlərinə nəzarət və layihənin gələcək mərhələlərinin müzakirəsi məqsədilə Almaniyanın KfW Bankının nümayəndə heyəti 15-22 iyun 2012-ci il tarixlərdə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə taniş olmuş, Göygöl-Gəncə magistral su xəttinin inşasına, Qızılqaya su mənbəyinin bərpası və su anbarlarının tikintisi üzrə aparılan işlərə və Şəki şəhərində inşası başa çatdırılmış suqəbuledici qurğular kopleksinə baxış keçirmişdir.Səfər çərçivəsində bankın mütəxəssisləri çirkab sutəmizləyici qurğular üzrə norma və standartlarla bağlı müzakirələrdə,  eləcə də smart-kart tipli sayğaclarla bağlı təqdimatda iştirak etmişdir.