logo

Podratçı təşkilatların nümayəndələri ilə görüş keçirilmişdir


Yaradılıb: 21-06-2012 10:46

                           

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakıda və regionlarda su təchizatı və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, yeni texnologiyaların tətbiqi və qarşıya çıxan problemlərin operativ həllinə nail olmaq üçün podratçı təşkilatlarla sıx əməkdaşlıq edir. 

  Podratçı təşkilatların rəhbərləri ilə iyunun 20-də keçirilən növbəti görüşdə layihələrin icra vəziyyəti və perspektiv məsələlər müzakirə olunmuşdur. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə həyata keçirilən layihələrə toxunaraq bildirmişdir ki, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq bu işlər qısa müddətdə və keyfiyyətlə başa çatdırılmalıdır: “Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür. Bu sahədə həm yerli, həm də xarici təşkilatlarla əməkdaşlıq edilir. Yerli şirkətlərin layihələrdə iştirakı üçün bütün lazımi şərait yaradılır. Son vaxtlar Türkiyə və digər xarici ölkələrdən bu layihələrdə iştirak etmək niyyətində olanların sayı xeyli artıb. Ölkə başçısı çıxışlarında vurğulayıb ki, həyata keçirilən infrastruktur layihələrinə yerli şirkətlər cəlb olunmalıdır. Biz də maraqlıyıq ki, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında yerli şirkətlərin imkanlarından istifadə olunsun və onlar bu sahədə ixtisaslaşsın. Qarşıdakı illərdə də bizim böyük layihələrimiz olacaq və onları yerinə yetirəcək ixtisaslaşmış şirkətlərə ehtiyac var”.

  “Azərsu” ASC-nin sədri layihələrə cəlb olunmuş şirkətlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, müqavilə üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsi və işlərin keyfiyyətsiz icrası yolverilməzdir və belə hallar aşkarlanarsa həmin təşkilatlarla bağlanmış müqavilələrə xitam veriləcək. 50-dən artıq podratçı şirkərin rəhbərinin və nümayəndələrinin iştirak etdiyi görüşdə onların təklifləri dinlənilmişdir.