logo

Ağcabədi rayonunun Hindarx qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 13-06-2012 15:26

                 

  “Azərsu” ASC Bakı şəhəri ilə yanaşı regionlarda da su təchizatı və kanalizasiya layihələrinin icrasına xüsusi diqqət yetirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Bura rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlər də daxildir. 

  “Azərsu” ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Ağcabədi rayonunun Hindarx qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 2 ədəd subartezian quyusu qazılmış, tutumu 25  kubmetr olan su çəni quraşdırılmış, 2 kilometr uzunluğunda su xətti çəkilmişdir. 8431 nəfər əhalisi olan Hindarx qəsəbəsinin içməli su təchizatı hazırda  subartezian quyuları hesabına aparılır.

  Ağcabədi rayonunun Hindarx qəsəbəsində yeni subartezian quyusunun açılış mərasimində “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov,  Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov  və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

  “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirmişdir ki, layihə çərçivəsində qazılmış 2 subartezian quyusundan birincisi istismara verilir və bununla da 250-dən çox ailənin və ya 1000-dən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Yaxın vaxtlarda ikinci subartezian quyusunun istismara verilməsi ilə  300-ə qədər ailə və ya 1250-dən çox sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. E.Məmmədov Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin Asiya İnkişaf Bankından alınacaq kredit hesabına həyata keçiriləcəyini xatırladaraq tikinti işlərinə 2012-ci ilin sonuna qədər başlanılacağını bildirmişdir.

  Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində “Azərsu” ASC-nin genişmiqyaslı tədbirlər həyata keçirdiyini xatırladaraq rayonun içməli su çatışmazlığı müşahidə olunan 6 kəndində 10 subartezian quyusunun qazılacağını bildirmişdir.  

  Qeyd edək ki, “Azərsu” ASC kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə, Balakən rayonunun Tülü və Hənifə, Siyəzənin Eynibulaq kəndlərində və Şamaxının Sabir qəsəbəsində içməli su təchizatı yenidən qurulmuş, həmin yaşayış məntəqələrinə yeni su xətləri çəkilmiş, su anbarları tikilmişdir. Eyni zamanda Ağdam, Füzuli, Tərtər, Astara və digər rayonların kənd və qəsəbələrində də belə layihələr həyata keçirilir.

  Aprelin 16-da möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq   iri şəhər və rayon mərkəzləri ilə yanaşı kənd yaşayış məntəqələrində də su təchizatı  və kanalizasiya layihələri icra ediləcək. İlk növbədə bütün şəhər və rayon mərkəzləri, həmçinin yaxınlıqda yerləşən kənd və qəsəbələrin problemləri öz həllini tapacaq, növbəti mərhələdə isə digər yaşayış məntəqələrində belə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.