“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Qusar şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.
Layihəyə əsasən, Qusar şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikiləcək, yüksəksıxlıqlı polietilen borularla 97,4 kilometr uzunluğunda paylayıcı su xətti çəkiləcək, yanğın hidrantları quraşdırılacaq. Bununla paralel olaraq yüksəksıxlıqlı polietilen borularla 80,1 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkiləcək.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini 23 iyul 2012-ci il tarixədək “Azərsu” ASC-yə təqdim edə bilərlər.