İyunun 8-də Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak etmişdir. Bu rayonda yenidənqurma işləri Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçiriləcək.
Təməlqoyma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağını söyləyib: “Sabirabad şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək yeni magistral kəmərlə rayona saniyədə 118 litr su ötürüləcək. Halbuki hazırda Sabirabad sakinlərinə içməli su Kür çayından götürülərək, qismən təmizlənib verilir. Layihənin icrası nəticəsində sakinlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq, şəhərin kanalizasiya infrastrukturu tamamilə yenidən qurulacaq”.
Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksəksıxlıqlı polietilen borulardan 79,8 km uzunluğunda içməli su və 87 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 300-dən artıq yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranacaq çirkab suları kənarlaşdırarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotunel qazılacaq, məhsuldarlığı sutkada 10500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq. Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.