logo

İçməli sudan qeyri-qanuni istifadə ilə bağlı 220-ə qədər fakt aşkarlanmışdır


Yaradılıb: 22-05-2012 15:06

                 

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Son vaxtlar nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, hələ də bəzi abunəçilərin içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə etməsi təəssüf doğurur.

 “Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşları mütəmadi olaraq belə hallar aşkarlayır. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində təkcə may ayının birinci yarısında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Bakı şəhərinin müxtəlif rayonlarında 220-ə qədər fakt aşkarlanmışdır. Bunların 70-i su xəttinə qeyri-qanuni qoşulma, 150-si isə sayğaclara müdaxilələrlə bağlı olmuşdur. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və beton istehsalı məntəqələrində rast gəlinir.

  Aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən “Aylı gecə” istirahət mərkəzində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanmışdır. Məlum olmuşdur ki, obyektdə içməli sudan müqavilə bağlanılmadan, qeyri-qanuni çəkilmiş 25 mm diametrli xətt vasitəsi ilə istifadə edilirmiş.  Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılmış və su təchizatı dayandırılmışdır.

 Binəqədi rayonunda fəaliyyət göstərən “Montana İnvestment Group” şirkətinə məxsus beton istehsalı sexində CSS-40 markalı su sayğacının “Azərsu” ASC və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən vurulmuş möhürlərinə müdaxilə edilmişdir.

  Nərimanov rayonu, M.Nərimanov 2072 ünvanında yerləşən “NRS” MMC - yə məxsus “Sabirabad” kafesində cari ilin mart ayında quraşdırılmış STB-50 markalı su sayğacı özbaşına çıxarılmışdır. 

 “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə qanunsuz hərəkətlərə yol verən istehlakçıların içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla dəymiş ziyanın məbləği hesablanacaq.