logo

Magistral kəmərlərin mühafizə zolağında tikilmiş obyektlər qəza zamanı təhlükə ilə üzləşir


Yaradılıb: 16-05-2012 17:39

                Mayın 16-da səhər saatlarında Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən magistral su kəmərinin Biləcəri qəsəbəsi 8-ci döngə yaşayış massivindən keçən hissəsində   qəza baş vermişdir. 1200 mm diametrli yüksəktəzyiqli boru xəttində baş vermiş qəza ilə əlaqədar “Azərsu” ASC-yə məlumat daxil olan kimi xəttə suyun verilişi dayandırılmış, əraziyə qəza briqadası cəlb olunmuş və təmir-bərpa işlərinə başlanılmışdır.

 İlkin baxış zamanı məlum olmuşdur ki, 1200 mm diametrli şüşəlifli yüksək təzyiqli magistral kəmərin qəza baş verən hissəsinin mühafizə zolağında qeyri-qanuni tikilmiş fərdi yaşayış evinə ziyan dəymişdir. Belə ki, yüksək təzyiqli su kəmərdən cəmi 3 metr məsafədə yerləşən Sakit Səlimova məxsus evin bünövrəsinin bir hissəsini yuyub. Qüvvədə olan qanunvericiliyə görə 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 20 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır.

  “Azərsu” ASC bir daha əhalinin nəzərinə çatdırır ki, magistral su  kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyekti və ya digər tikili inşa etməsinlər. Əks halda, onlar bununla öz həyatlarını və əmlaklarını təhlükəyə atmış olurlar.