logo

Bakı şəhərində yeni kanalizasiya kollektoru tikilir


Yaradılıb: 02-05-2012 15:11

                    

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq  Bakı şəhəri Tbilisi prospektindən başlayaraq Həsən Əliyev və F.X.Xoyski küçələrindən keçməklə Ə.Qayıbov küçəsinə qədər yeni kanalizasiya kollektoru çəkilir. Layihəyə əsasən 6010 metr uzunluğunda olan kollektor diametri 1400 mm olan GRP (şüşəlifli) borularla inşa edilir. Kanalizasiya xəttinin keçdiyi ərazidə dəmir yolu xəttinin olması nəzərə alınaraq kollektorun buradan keçən hissəsində 622 metr uzunluğunda tunel qazılır. Artıq layihə üzrə işlərin 90 faizə qədəri başa çatıb və kollektorun cari ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur.

 Yeni kanalizasiya xətti istismara verildikdən sonra Binəqədi, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərindən axan çirkab suları bu kollektorda toplanaraq özüaxımlı rejimdə Ə.Qayıbov küçəsindən keçən Sənaye zonası kollektoruna, buradan isə təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürüləcək. Üstəlik yağıntılı dövrlərdə həmin ərazilərdə toplanan yağış suları da yeni kollektora axıdılacaq. Bununla bu istiqamətdən çirkab suların Bakı buxtasına birbaşa axıdılmasının qarşısı tam alınacaq.