logo

Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması istiqamətində işlər davam etdirilir


Yaradılıb: 30-04-2012 14:08
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması istiqamətində işləri davam etdirir və beynəlxalq standartlara keçidlə əlaqədar bütün maddi və qeyri-maddi aktivlərinin yenidən qiymətləndirilməsi, bu sahədə informasiya texnologiyaları sisteminin tətbiqi işlərinin yerinə yetirilməsi sürətləndirilib. 
Qeyd olunan işlərin yerinə yetirilməsi məqsədi ilə beynəlxalq standartların tətbiqi sahəsində böyük təcrübəsi olan nüfuzlu “Ernst &Young” şirkəti ilə məsləhət xidməti göstərilməsi üçün müqavilə imzalanmış və cari ilin əvvəlində şirkət  MHBS-na Keçid Planını hazırlayaraq Səhmdar Cəmiyyətə təqdim etmişdir. Keçid Planına uyğun olaraq "Azərsu" ASC-də müəyyən işlər görülmüş, qarşıya çıxan məsələlərlə bağlı tövsiyələr vermək və  görüləcək işlərin istiqamətləndirilməsini həyata keçirmək məqsədilə nəzarətedici orqan rolunu həyata keçirən Komissiya yaradılmışdır.
“Ernst &Young” şirkətinin təkliflərinə uyğun olaraq Səhmdar Cəmiyyətin maliyyə strukturunda dəyişiklik edilmiş və 5 şöbədən (Mühasibat uçotu və hesabatı şöbəsi, Maliyyə hesabatlarının konsolidasiyası şöbəsi, Maliyyə və Vergilər şöbəsi, Əsaslı fondların idarə edilməsi şöbəsi, Mühasibat uçotunun metodologiyası şöbəsi) ibarət Maliyyə və Uçot İdarəsi yaradılmışdır. Mühasibat uçotu, insan resursları və konsolidasiya sistemlərinin avtomatlaşdırılması üçün 1C proqramının tətbiqi qərara alınmış, bu  məqsədlə Komissiyanın üzvləri təcrübə keçmək üçün Moskva şəhərinə ezam edilib. MHBS-yə keçidlə əlaqədar "Azərsu" ASC-nin əməkdaşları üçün peşəkar təşkilatlar tərəfindən ixtisasartırma kursları təşkil edilir və bu kursların gələcəkdə də davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.