logo

İşçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təlimlər keçirilir


Yaradılıb: 25-04-2012 15:31

                    

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqların, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlim proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədi ilə Səhmdar Cəmiyyətdə Təlim-tədris Mərkəzi yaradılmışdır. Mərkəzin müxtəlif fəaliyyət sahələri üzrə təşkil etdiyi təlimlərdə yerli və xarici mütəxəssislər tərəfindən idarəetmə sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə bağlı su təsərrüfatı işçiləri üçün mütəmadi kurslar təşkil olunur.

  Bu məqsədlə texniki nəzarətçilər üçün “İçməli su və çirkab su sistemlərinin tikinti üsulları və tətbiqi texnologiyaları” və “Polietilen boruların qaynağının tətbiqi texnologiyaları” mövzularında təlimlər keçirilmişdir. Təlimlərdə içməli su və çirkab su xətlərinin tikintisi, dolğu və möhkəmləndirmə, qaynaq əməliyyatları, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri ətraflı izah olunmuş, yeni texnologiyalar barədə ekspert rəyləri dinlənilmişdir.  

  Hazırda türkiyəli mütəxəssislər tərəfindən “Azərsu” ASC-nin Bakı Sukanal idarəsinin əməkdaşları üçün “Çirkab sutəmizləmə qurğularının istismarı” mövzusunda təlimlər keçirilir. Hövsan Aerasiya Stansiyasında təşkil olunan təlimlərdə dinləyicilərə çirkab su mənbələri, təmizləmə üsulları, bioloji proseslər, laboratoriya analizləri və s. məsələlərlə bağlı qabaqcıl təcrübə haqda məlumatlar verilir, yeni texnologiyaların tətbiqi barədə tədris işləri aparılır.

  Bununla yanaşı, “Bakı Sukanal” İdarəsinin və “Sukanal” Elmi- Tədqiqat Layihə İnstitutunun müvafiq şöbələrinin işçiləri üçün  “Çirkab sutəmizləmə qurğularının layihələndirilməsi” mövzusunda treninqlər başlanılmışdır. Təlimlərdə çirkab suların təmizlənməsinin bütün mərhələləri ətraflı izah olunur və son texnologiyalar barədə məlumatlar verilir.

  İndiyə qədər keçirilən təlimlərə “Azərsu” ASC-nin müxtəlif idarə və müəssisələrinin 100-dən çox əməkdaşı cəlb olunmuşdur.