logo

"Azərsu" ASC işçi qəbulu qaydalarını təkmilləşdirir


Yaradılıb: 20-04-2012 14:39

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işə qəbul prosesində subyektiv faktorların aradan qaldırılması və insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. Kadrların seçilməsi, onların işə qəbulu, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, eləcə də xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədi ilə 2012-ci ildən “Azərsu” ASC-də İnsan resursları şöbəsi formalaşdırılmışdır.  Hazırda “Azərsu” ASC-ə işə qəbul bu şöbə tərəfindən müraciət edən vətəndaşların bilik və bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir və bu zaman həlledici rolu iddiaçıların peşə hazırlığı oynayır. İşçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə  imtahanı), ikinci mərhələsi  isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.

 2012-ci ilin birinci rübündə 4100-dən artıq namizədin elektron müraciəti qəbul olunaraq ilkin təhlil mərhələsindən keçirilmişdir.  Müraciət edənlərin 620 nəfər test mərhələsinə dəvət olunmuş və onların 57 nəfəri işə qəbul edilmişdir.

 Qeyd edək ki, “Azərsu” ASC-də ixtisas və peşəsinə uyğun vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyənlər www.azersu.az veb-səhifəsinin “İnsan Resursları”  bölməsinə daxil olub şəxsi məlumatlarını orada göstərilən elektron ünvana göndərməlidir.