logo

Abonent bazasının təkmilləşdirilməsi məqsədi ilə inventarlaşdırma işləri aparılır


Yaradılıb: 17-04-2012 14:13

  “Azərsu” Açıq  Səhmdar Cəmiyyətinin Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin, yaranmış borcların dəqiq uçotunun aparılması, sayğacların texniki vəziyyətinin qeydə alınması, mənzildə qeydiyyatda olanların, həmçinin faktiki yaşayanların sayının müəyyən edilməsi məqsədilə apardığı inventarlaşdırma işləri yekunlaşmaq üzrədir və aprelin 20-nə qədər proses başa çatdırılacaq. Aparılan araşdırmalar və inventarlaşdırma işlərinin ilkin nəticələri göstərir ki, bəzi abunəçilər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin faktiki sərfiyyatı ilə abonent bazasında qeydə alınmış rəqəmlər arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda bəzi mənzillərdə sayğac işləməsə də bu barədə nəzarətçilərə məlumat verilmir və ya onların bunu qeydə almasına şərait yaradılmır.  Bunlardan başqa  sayğacsız mənzillərin bir qismində bir nəfər qeydiyyatda olduğu halda, faktiki olaraq burada daha çox insanın yaşadığı aşkarlanmışdır. Bu isə sərfiyyatın süni şəkildə azaldılmasına gətirib çıxarır.

 Yuxarıda sadalanan uyğunsuzluqları aşkarlamaq, abonent bazasının dəqiqləşdirilməsi üçün aparılan inventarlaşdırma işlərinin bütün abunəçiləri əhatə etməsi olduqca vacibdir. Təəssüflər olsun ki, “Azərsu” ASC-nin əməkdaşlarının dəfələrlə müraciət etməsinə baxmayaraq, bəzi vətəndaşlar onların mənzilə daxil olmasına şərait yaratmır. “Su təchizatı və tullantı suları” haqqında  Azərbaycan  Respublikası Qanununun 50-ci maddəsinə əsasən “Azərsu” ASC-nin əməkdaşları qanunvericilikdə müəyyən edilmiş qaydada abunəçiyə əvvəlcədən bildirməklə öz vəsiqələrini təqdim edərək su təchizatı və tullantı suları axıdılan obyektə baxmaq hüququna malikdir və vətəndaşlar buna şərait yaratmağa borcludurlar.

 Bunları nəzərə alaraq “Azərsu” ASC abunəçilərdən xahiş edir ki, vəsiqələrini təqdim edən “Azərsu” ASC-nin əməkdaşlarına inventarlaşdırma işləri aparmaq üçün lazımi şərait yaratsınlar.