logo

Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin yenidən qurulmasına hazırlıq görülür


Yaradılıb: 12-04-2012 15:58

  Azərbaycan  Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması  üzrə keçirilmiş beynəlxalq müsabiqəli tender yekunlaşmış və “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti qalib elan edilmişdir. Bununla əlaqədar “Azərsu” ASC ilə  “Azərsutəchizattikinti” ASC  arasında podrat müqaviləsi imzalanmış və tikinti işlərinə hazırlıqlara başlanılmışdır. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyətinin 15-25 aprel tarixlərində ölkəmizə gözlənilən səfəri çərçivəsində bu layihələr üzrə təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Tikinti-quraşdırma işlərinin 2014-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

 Qeyd edək ki, Azərbaycan  Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair Kredit Sazişi  29 may 2009-cu il tarixdə imzalanmış və sazişə əsasən Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 32,8 milyard Yapon yeni (təqribən 400 milyon ABŞ dolları) kredit ayıracaq.