logo

Binəqədi rayonunda magistral su xəttinin dəyişdirilməsinə başlanmışdır


Yaradılıb: 04-04-2012 14:06

                    

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq paytaxtın Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarını içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanmışdır. Binəqədi Mərkəzi Nasosxanasından Z.Bünyadov küçəsinə qədər 4 kilometr uzunluğunda metal borulardan ibarət olan magistral su kəmərinin Ə.Rəcəbli küçəsindən keçən 700 metrlik hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı. Hazırda həmin   metal borular polietilen borularla əvəzlənir. Bununla paralel olaraq həmin ərazidə yaşayış massivlərini içməli su ilə təmin etmək məqsədi ilə 300 mm diametrlik polietilen borularla 500 metr uzunluğunda köməkçi magistral kəmər də çəkilir. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bununla da 7-ci və 8-ci mikrorayonların, Dərnəgül yaşayış massivinin, həmçinin Nərimanov rayonunun bir hissəsinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.