logo

“İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında Spartakiada başlamışdır


Yaradılıb: 02-04-2012 15:34

                 

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçiləri arasında VIII Spartakiada başlamışdır. “İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında təşkil olunan spartakiadada “Azərsu” ASC-nin idarə və müəssisələrinin 240-dək əməkdaşı idmanın  6 növündə - mini-futbol, şahmat, dama, nərd, stolüstü tennis və ağırlıqqaldırma üzrə qüvvəsini sınayacaq.

  Spartakiadanın təntənəli açılışı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyev Prezident İlham Əliyevin  2012-ci ili "İdman ili" elan etməsini xatırladaraq son vaxtlar Azərbaycanda kütləvi idman yarışlarının keçirildiyini bildirmişdir. Ölkədə bədən tərbiyəsi və idmana marağın artması bu sahənin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. “Azərbaycanda əhalinin fiziki-mənəvi sağlamlığını prioritet hesab edən  Ümummilli lider Heydər Əliyev bədən tərbiyəsi və idmanın inkişafını daim diqqətdə saxlamışdır. İdmana dövlət qayğısı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində daha da artmış, idmanın maddi-texniki bazası möhkəmləndirilmiş, regionlarda  müasir tələblərə cavab verən olimpiya-idman komplekslərinin yaradılmasına başlanmışdır. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunur”.

 “Azərsu” ASC sədrinin müavini Mahir Məmmədov yarış iştirakçılarına Səhmdar Cəmiyyət rəhbərliyinin təbriklərini çatdıraraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulamışdır. “Su təsərrüfatı işçiləri istehsalatla yanaşı, idmana da maraq göstərir. Təsadüfi deyil ki, uzun illərdir, su təsərrüfatı işçilərinin Spartakiadası keçirilir. Burada əməkdaşlarımız  hətta peşəkar şəkildə idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda iştirak edərək qalib adını qazanırlar”.

  Spartakiadanın ilk günü mini-futbol oyunları ilə başlamışdır. Spartakiadanın  yekununda komanda və fərdi yarışlarda fərqlənənlər “Azərsu” ASC-nin  diplom və qiymətli hədiyyələri ilə təltif olunacaq.