logo

Məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır


Yaradılıb: 29-03-2012 13:26

               

 Azərbaycan Hökumətinin və Dünya Bankının birgə  maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində tikinti işlərinə məsləhət xidmətinin göstərilməsi üçün şirkətin cəlb edilməsi məqsədi ilə keçirilmiş tenderin qalibi Almaniyanın “p2mberlin GmbH” şirkəti olmuşdur. Martın 29-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə  Almaniyanın “p2mberlin GmbH” şirkəti arasında məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.

  İmzalanma mərasimində “Azərsu” ASC sədrinin sərmayələr və marketinq üzrə müavini İlqar Tağıyev Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurlması layihələri barədə məlumat verərək bu sahədə  beynəlxalq təşkilatlar və xarici şirkətlərlə geniş əməkdaşlıq edildiyini bildirmişdir.

  “p2mberlin GmbH” şirkətinin icraçı direktoru Heiko Bohnhorst rəhbərlik etdiyi şirkətin məsləhət xidmətləri sahəsində böyük təcrübəsinin olduğunu vurğulayaraq Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdən məmnun olduqlarını bildirmişdir.

  Müqaviləyə əsasən  məsləhətçi şirkət tikinti üzrə podrat təşkilatlarının işlərinə nəzarət edərək məsləhət xidmətləri göstərəcək. Layihələrin hazırlanması, qiymətləndirilməsi  və icrasının düzgünlüyü,  tenderlərin keçirilməsi, ödəniş və hesablaşma məsələlərində məsləhətçi şirkətin xidmətlərindən istifadə olunacaqdır.  

Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən  qurulması nəzərdə tutulur.