logo

Dünya Su Forumunda Azərbaycanda su təchizatının yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verilmişdir


Yaradılıb: 19-03-2012 15:57

                             

 Martın 12-dən 17-dək Fransanın Marsel şəhərində  keçirilmiş 6-cı Dünya Su Forumuna yekun vurulmuşdur. 130-dan çox ölkədən dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin təmsil olunduğu forumda dünyada su təchizatının vəziyyəti, qlobal içməli su problemi və s. məsələlər ətrafında müzakirələr aparılmışdır.  Forumda bildirilmişdir ki, Yer kürəsi əhalisinin içməli su ilə təminatı sahəsində təhlükəli vəziyyət yaranıb.   Hazırda dünya əhalisinin 40 faizi içməli su çatışmazlığından əziyyət çəkir və su qıtlığı problemi getdikcə ciddiləşir.

  Forumda su və sağlamlıq, su və yaşıl planet, su və ərzaq təhlükəsizlikliyi, su və energetika, su ilə bağlı təbii fəlakətlər, su və şəhərsalma, su təchizatının düzgün idarə olunması və s. mövzularda müzakirələr aparılmış, bu sahədə problemlər araşdırılmış, onların  həlli yollarının əsas istiqamətləri müəyyən edilmişdir.

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin istismar üzrə müavini  Köçərli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Forumda keçirilən müzakirələrdə yaxından iştirak etmişdir. K. Həsənov “Su və sanitariya” mövzusunda keçirilən dəyirmi masada çıxış etmiş, Azərbaycanın su ehtiyatları və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə forum iştirakçılarını məlumatlandırmışdır: “2011-ci ildən şəhər, kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və mövcud qurğuların yenidən qurulmasına başlanmışdır. Hazırda Azərbaycan Hökumətinin və Beynəlxalq maliyyə qurumlarının vəsaitləri hesabına 100-dən artıq layihə üzrə su təchizatı və kanalizasiya sistemlərinin  tikintisi  həyata keçirilir. Bakı şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə 2010-cu ildə dünyada ən böyük yeraltı sugötürücü qurğulardan olan, uzunluğu 262 kilometr, məhsuldarlığı saniyədə 5 kubmetr olan şüşəlifli borulardan ibarət Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Bakı şəhərinə verilən içməli suyun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə bir neçə ay əvvəl Ceyranbatan su  anbarında ən müasir standartlara cavab verən, məhsuldarlığı saniyədə 6 kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisinə başlanılmışdır.” K.Həsənov çıxışında kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlərə də toxunmuşdur. 

  Qeyd edək ki, 6-cı Dünya Su Forumunun yekununda forum iştirakçıları adından bəyənnamə qəbul edilmişdir. Bəyənnamədə içməli su təchizatının yaxşılaşdırılması və  keyfiyyətli su ilə təminatla bağlı müddəalar öz əksini tapmışdır.