logo

Sahil kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlanmışdır


Yaradılıb: 02-03-2012 15:20

                       

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər proqramının tərkib hissəsi olaraq paytaxtın kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan Sahil kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlanmışdır. 1983-cü ildə istismara verilmiş kollektor Səbail rayonu ərazisində Əl Oyunları İdman sarayından Fəhlə prospektindəki Zığ Nasos Stansiyasına qədər uzanır. Kollektor şəhərin mərkəzi hissəsində yaranan tullantı sularını toplayaraq Zığ nasos stansiyasına ötürür, buradan da çirkab sular nasoslar vasitəsilə Hövsan Aerasiya Stansiyasına vurulur. 9,6 kilometr uzunluğunda və 13 quyudan ibarət Sahil kollektoru 29 illik istismar müddətində böyük lillənməyə məruz qalmışdır. Kollektorun layihə gücü sutkada 204 min kubmetr olsa da, hazırda bunun 40-50 faiz səviyyəsində işləyir.

 Hazırda kollektorun müasir texnologiyalarla qum və lildən təmizlənməsi işləri həyata keçirilir. Təmizləmə işləri Almaniya istehsalı olan xüsusi avadanlığın köməyi ilə insan müdaxiləsi olmadan aparılır. Kollektora yüksək təzyiqlə vurulan su çökmüş qum və lili yuyur və paralel olaraq xüsusi avadanlıq vasitəsilə sorulur. Artıq 3 səyyar qurğu vasitəsilə kollektorun 10 faizə qədər hissəsi çöküntüdən tam təmizlənib. Layihəyə uyğun olaraq  Sahil kollektorunda təmizləmə işləri qarşıdakı 2 ay ərzində başa çatdırılacaq.

  Təsdiqlənmiş tədbirlər proqramına uyğun olaraq başlanğıcını Yasamal rayonu ərazisindən götürən Dairəvi kollektorun da təmizlənməsi nəzərdə tutulur.