logo

İçməli su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcək


Yaradılıb: 29-02-2012 13:57

                 

  Fevralın 28-də “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda çıxış edən Prezident İlham Əliyev  2011-ci ildə ölkədə sosial və iqtisadi tədbirlərin uğurla icra edildiyini, regionların inkişafına dövlət dəstəyinin artırıldığını bildirmişdir. Dövlət başçısı regionlarda geniş infrastruktur layihələrinin həyata keçirildiyini xatırladaraq içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlərin daha da sürətləndiriləcəyini vurğulamışdır. İçməli su və kanalizasiya layihələri icra edilir. Burada bu layihələr haqqında söylənildi. Bir daha demək istəyirəm ki, bu çox böyük sosialyönümlü, böyük vəsait tələb edən layihədir. Yüz milyonlarla manat, bəlkə milyardlarla manat vəsait tələb edən layihədir. Bakı, Bakıətrafı qəsəbələr, bütün şəhərlər, rayon mərkəzləri kanalizasiya, içməli su ilə təmin edilməlidir və bu istiqamətdə atılan addımlar ümidvericidir. Qarşıya böyük hədəflər qoyulub. Amma yenə də deyirəm, bu hədəflər reallığı əks etdirməlidir.

  Əlbəttə, mən çox istərdim ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızda bu layihələr başa çatsın. Ancaq yəqin ki, bu, mümkün olmayacaqdır. Ona görə real hədəf ondan ibarətdir ki, gələn ilin sonuna qədər əksər şəhər və rayonlarımızda içməli su, kanalizasiya layihələri başa çatsın. Mən hesab edirəm ki, biz buna 100 faiz nail olacağıq. Yenə də baxarıq, bu il, ya gələn il əlavə maliyyə imkanlarımız yaranarsa, biz bu vəsaiti, ilk növbədə içməli su, kanalizasiya layihələrinə yönəltməliyik. Belə olan halda biz bəlkə daha da çox işlər görə bilərik. Ancaq hazırda bütün bölgələrdə, hər bir rayonda içməli su, kanalizasiya layihələri ya başlamışdır, ya da ki, başlamaq üzrədir. Bununla bərabər, - burada bu barədə də deyildi, - çaylar boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması prosesi davam etdirilməlidir. Mənə verilən məlumata görə, hazırda 188 kənddə belə qurğular quraşdırılıb. Vaxtilə insanlar çaylardan, kanallardan su içirdilər. İndi təmizlənmiş su içirlər və belə insanların sayı 300 mindən çoxdur. Artıq kəndlərdə 340 min əhali bu imkanlara malikdir. Göstəriş verilmişdir ki, bu il və gələn il əlavə tədbirlər görülsün və çaylar boyu yerləşən kəndlərdə əhalini biz maksimum dərəcədə təmiz su ilə təmin etməliyik.

   Prezident İlham Əliyev regionlarda həyata keçirilən digər infrastruktur layihələri - elektrik enerjisi, qaz təchizatı, meliorasiya, rabitə, yol təsərrüfatı və sosial obyektlərin tikintisi sahəsində tədbirlərin 2012-ci ildə davam etdiriləcəyini vurğulamışdır.