logo

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun yaranmasının 50 illik yubileyi qeyd edilmişdir


Yaradılıb: 27-12-2011 14:47

 

                   

 Dekabrın 27-də “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ)  yaranmasının 50 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdən əvvəl institutun yaranması və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

  “Sukanal” ETLİ-nin direktoru Oqtay Heybətov institutun yaranma tarixinə nəzər salaraq bildirmişdir ki, institut Azərbaycan SSR Nazirlər Sovetinin 20 iyul 1961-ci il tarixli 636 nömrəli qərarı ilə Ümumittifaq Elmi-Tədqiqat “VODQEO”  İnstitutunun Bakı filialı kimi yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə bütün sahələrdə olduğu kimi “Sukanal” ETLİ-nin də işinə xüsusi diqqət və qayğı göstərilmişdir. Həmin illərdə institutun maddi-texniki bazası gücləndirilmiş, kadr potensialı artırılmışdır.

  “Azərsu” ASC-nin Strateji İnkişaf departamentinin rəisi Əhməd Məmmədov aparılan elmi-tədqiqat və layihələndirmə işlərindən danışaraq qeyd etmişdir ki, institutda çaylar  üzərində layihələndirilən su anbarları və müxtəlif hidrotexniki qurğuların tədqiqi, çirkab suların dəniz suları ilə qarışması məsələlərinin öyrənilməsi, dəniz suyunun şirinləşdirilməsi istiqamətində geniş işlər aparılmışdır.

 “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov “Sukanal” ETLİ-nin əmək kollektivini yubiley münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlətində onlara uğurlar arzulamışdır. O, ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün institut kollektivinin üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulamışdır.

 Tədbirin sonunda su təsərrüfatının inkişafında xüsusi xidmətləri olan institut əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.