logo

Siyəzən rayonunun Eynibulaq kəndinin su təchizatı sistemi istismara verilmişdir


Yaradılıb: 23-12-2011 14:18

               

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti kənd yaşayış məntəqələrində əhalinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.  Bu məqsədlə 2011-ci ildə bir neçə rayonda yeni layihələrin icrasına başlanmışdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Siyəzən rayonunun Eynibulaq kəndinin su təchizatı sistemi istismara verilmişdir. Bununla bağlı keçirilən tədbirdə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirmişdir ki, “Azərsu” ASC iri şəhər və rayon mərkəzləri ilə yanaşı kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Səhmdar Cəmiyyətin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Siyəzən rayonunun Eynibulaq kəndinə su verilmişdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına” uyğun olaraq Eynibulaq kəndinə Siyəzən şəhərindəki mərkəzi anbardan 8,5 km uzunluğunda magistral, 500 metr uzunluğunda məhəllədaxili su xətti çəkilmiş və kəndin ərazisində 100 kubmetr tutumu olan anbar tikilmişdir. Siyəzən şəhərindən yüksəklikdə yerləşən kəndə su nəql etmək üçün nasosxana inşa edilmişdir. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Eynibulaq kəndinin 964 nəfər sakinin içməli su problemi həll olunmuşdur. Qeyd edək ki, indiyə qədər kəndə içməli su səyyar maşınlarla daşınırdı.