logo

Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı kəndlərdə su təchizatı sistemi yenidən qurulur


Yaradılıb: 20-12-2011 15:26

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması üzrə tədbirləri davam etdirir. Bu məqsədlə 2011-ci ildə içməli suya ciddi ehtiyac olan yaşayış məntəqələrində yeni layihələrin icrasına başlanmışdır.

Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə hazırda 1 ədəd  subartezian quyu qazılır. Qazma işlərindən sonra subartezian quyu şəbəkəyə qoşulacaq. İşlər tam başa çatdıqdan sonra 3100-dən çox kənd sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. 

Tərtər rayonunun Qapanlı kəndinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə kənddə  1 ədəd subartezian quyusu qazılmış, 2 ədəd 25 kubmetrlik su  çəni quraşdırılmışdır. Bununla paralel olaraq 13,2 kilometr su xəttinin çəkilişi yekunlaşmışdır. Rayonun Qazyan kəndində də 1 ədəd subartezian quyusu qazılmış, eyni zamanda 2 ədəd 25 kubmetrlik su  çəni quraşdırılmış, 9,6 kilometr su xətti çəkilmişdir. İşlər tam başa çatdıqdan sonra rayonun Qapanlı və Qazyan kəndlərində 1950 nəfərin içməli su təchizatı yaxşılaşacaq.

Ağdam rayonunun Şüküralılar kəndində içməli suya olan tələbatı ödəmək məqsədi ilə 1 ədəd subartezian quyusunun qazılması başa çatmışdır. Bununla yanaşı kənddə 1 ədəd 50 kubmetrlik su  çəni quraşdırılmış, 5,2 kilometr su xətti çəkilmişdir. Rayonun Korqışlaq kəndinə də içməli su yeni qazılmış subartezian quyudan verilir. Layihə çərçivəsində  1 ədəd 60 kubmetrlik su  çəni quraşdırılmış, 4,8 kilometr su xətti çəkilmişdir. Korqışlaq kəndindən Mireşelli kəndinə 9,3 kilometr su xətti çəkilmişdir. Bu layihələr rayonun Şüküralılar və Korqışlaq  kəndlərində 1391 nəfərin içməli su təchizatını yaxşılaşdıracaq.

 Füzuli rayonunun Alxanlı kəndində içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası davam edir. Kənddə 3 subartezian quyusunun 2-i qazılmış, 3-cü quyuda qazma işlərinə başlanmışdır. Layihə 1413 nəfər kənd sakininin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.