logo

Bildirişlərin terminallar vasitəsi ilə verilməsinə başlanmışdır


Yaradılıb: 25-11-2011 15:11

          

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti istifadə olunan içməli suyun dəqiq uçotunun aparılması üçün daha bir yeniliyin tətbiqinə başlamışdır. Artıq Bakı şəhərində əhali qrupu üzrə istehlakçılara içməli su və kanalizasiya xidmətləri üzrə ödəniş bildirişləri əl terminalları vasitəsi ilə yerində verilir. Bu cihazların məlumat bazasında abonentlər haqqında bütün məlumatlar - istfadəçinin adı, ünvanı, qeydiyyatda olanların sayı, abonent kodu, sayğaclar və digər məlumatlar toplanmışdır. Su sayğacları üzrə son göstəricilər qeydə alındıqdan sonra terminaldakı əvvəlki məlumatlarla tutuşdurulur, sərfiyyat və borclar haqqında bildiriş çap edilərək müştəriyə təqdim edilir. Eyni zamanda bu məlumatlar dərhal mərkəzi bazaya ötürülür və burada qeydiyyata alınır. Halbuki indiyə qədər sayğac göstəriciləri nəzarətçi tərəfindən qeydə alındıqdan sonra yerli Sukanal Sahələrində bazaya işlənirdi. Beləliklə, abonentlərə bildirişlərin verilməsi günlərlə vaxt aparırdı.

   Yeni sistem həm də abonentlərlə nəzarətçilər arasında yarana bilən mübahisələrə (sayğac göstəricilərinin düzgün çıxarılmaması, bildirişlərin gecikdirilməsi və s.), həmçinin nəzarətçi səhlənkarlığına birdəfəlik son qoyur. Hələlik Bakı şəhəri üzrə nəzarətçilərin təxminən 10 faizi səyyar əl terminalları ilə təmin olunub. Yaxın gələcəkdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda çalışan bütün nəzarətçilər əl terminalları ilə təmin olunacaq.

   “Azərsu” ASC bir daha bəyan edir ki, bildirişlərini terminallar vasitəsi ilə alan abonentlər ödənişləri bank, poçt şöbələri, plastik kartlar və Paypoint ödəniş sistemləri vasitəsi ilə aparmalıdır. İstehlakçılardan xahiş olunur ki, heç bir halda nəzarətçilərə nağd pul ödəməsinlər.