logo

Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 17-11-2011 17:04

                 

   Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. 

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verərək bildirmişdir ki, Qax şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilmiş və su mənbəyi kimi Kürmük və Qumçay çaylarından istifadə olunmuşdur. Yeni layihəyə əsasən mənbə kimi İlisu kəndinin yaxınlığındakı bulaqdan istifadə olunacaqdır. Buradan Qax şəhərinə qədər 250-355  mm diametrli özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. 

   Şəhərdə ümumi uzunluğu 76,5 km olan yeni supaylayıcı şəbəkənin, hər birinin həcmi 1000 kubmetr olan 5 ədəd su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən Qax şəhərində 63 km uzunluğunda kanalizasiya xətti çəkiləcəkdir. Çirkab suların təmizlənməsi üçün məhsuldarlığı sutkada 3,8 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaqdır.

   Layihəyə əsasən Qax şəhərinin yaxınlığındakı Qaxbaş və Qaxinqloy kəndləri də su ilə təchiz olunacaqdır. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qax şəhərində 13500, Qaxbaş və Qaxinqloy kəndlərində isə 7200 nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaqdır.

   Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin 20 aya başa çatdırılması nəzərdə tutulmuşdur.