logo

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsinə start verilib


Yaradılıb: 04-10-2011 08:23

                  

 Oktyabrın 3-də Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keşirilmişdir. Mərasimlərdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov iştirak etmişdir. Yenidən qurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov, bununla da  Şəmkir sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlər 2013-cü ilin əvvəlinə başa çatdırılacaq.

   “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 45,7 min (mövcud 37,5 min) nəfər üçün hesablanmışdır. Şəmkir şəhərinin özüaxımlı fasiləsiz rejimdə su təchizatının aparılması üçün yeni tikilən Şəmkirçay su anbarından və yerli kəhrizlərdən istifadə olunması layihədə əsas hədəf kimi nəzərdə tutulmuşdur. Suyun özüaxımlı rejimdə verilməsi üçün relyefcə yüksək olan nöqtələrdə ümumi həcmi 7200 kubmetr olan 4 ədəd su anbarı inşa olunacaq. Şəhərdə ümumi uzunluğu 195 km müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 190 km kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Çirkab sular şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.