logo

“Azərsu” ASC nin mütəxəssislərinə Corc Vaşinqton Universitetinin sertifikatı təqdim edilib


                                

Bakı Ali Neft Məktəbində ABŞ-ın Corc Vaşinqton Universitetinin proqramı əsasında təşkil olunmuş Layihələri İdarəetmə Məktəbini müvəffəqiyyətlə başa vuran iştirakçılara magistr sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov, “Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev və müxtəlif şirkətlərdən  nümayəndələr iştirak edib.

BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb, müxtəlif təşkilatların bu proqrama önəm verdiyini bildirib. 

Tədbirdə çıxış edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov, Layihələri İdarəetmə Məktəbinin bu sahə üzrə mütəxəssis hazırlığında böyük rola malik olduğunu bildirib və iştirakçılara uğurlar arzu ediblər.

 “Stream 18” qrupunun iştirakçıları təmsil etdikləri şirkət və həmin şirkətdə fəaliyyətləri barədə məlumat veriblər.

"Azərsu" ASC 4 qrup üzrə keçirilən təlimlərdə 24 nəfərlə təmsil olunub. 1-ci və 2-ci qrup üzrə təlimlərinin  yekunlarına əsasən, “Azərsu” ASC-nin 13 əməkdaşı  Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” üzrə Magistr Sertifikatına layiq görülüb. Cəmiyyətin 10 əməkdaşı digər iki təlimdə iştiraklarını davam etdirir.

Tədbir Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı,  BP və onun tərəfdaşlarının maliyyə dəstəyi, Böyük Britaniyanın layihələrin idarə edilməsi üzrə nüfuzlu “Twenty Eighty Strategy Execution” (STRATEX) şirkətinin texniki dəstəyi və "Baku School of Management" ASC-nin (Bakı Layihə İdarəetmə Məktəbi) vasitəçiliyi ilə keçirilir.

Layihələri İdarəetmə Məktəbi  son bir ildə dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Proqramın məqsədi iştirakçılara layihə idarəetmə metodları, idarəçilik üsulları barədə praktiki təcrübələri, layihələrin uğuru olmasını təmin etmək üçün bir sıra dəyərləri və çevik vasitələri aşılamaqdır. Təlim müddətində  iştirakçılar layihənin hər bir mərhələsini idarə etmək, təşkilati və maliyyə imkanları çərçivəsində işləmək, ehtiyaclarla bağlı məqsədləri müəyyənləşdirmək, kadrların təcrübəsindən yararlanmaq, işlərin icrasını vaxtında və büdcə imkanları çərçivəsində təmin etməyə imkan verən müasir idarəçilik təcrübəsini öyrənirlər. Tədris proqramı həftədə 3-4 gün olmaqla 10 ay müddətində, 7 modul üzrə keçirilir:

  • Layihələrin idarə edilməsi
  • İş qrafikinə və büdcəyə nəzarət
  • Risklərin idarə edilməsi
  • Liderlik və kommunikasiya
  • Layihə menecerləri üçün keyfiyyət
  • Layihələrin idarə edilməsinin tətbiqi mexanizmləri
  • Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları