logo

Yeni istifadəyə verilmiş elektron xidmət vətəndaşların işini asanlaşdırır


                                                     

 “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidmət istifadəyə verilib.

Bu xidmət vasitəsilə əhali qrupu üzrə yeni istehlakçılar “Azərsu” ASC-nin abonent bazasında qeydiyyata alınır.    Xidmətdən su və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərt almış və şəbəkəyə qoşulmuş abonentlər istifadə edə bilər. Bunun üçün www.e-gov.az  portalının  xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar aşağıda qeyd edilən məlumatları sistemə elektron formada daxil edilməlidir.

  • Rayonun adı;
  • İstehlakçının ünvanı (küçə/qəsəbə/kənd, ev nömrəsi, mənzil nömrəsi); 
  • Bina evi və ya həyət evi seçimi;
  • İstehlakçının şəxsiyyət vəsiqəsinin FİN kodu;
  • Texniki şərt sənədinin elektron formada yüklənməsi(zəruri olduqda);
  • Mülkiyyəti təsdiq edən sənədin (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.) elektron formada yüklənməsi;
  • Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın elektron formada yüklənməsi;
  • Müraciət edənin telefon nömrəsi;
  • Müraciət edənin elektron poçt ünvanı;
  • Müraciətlə bağlı qeydlər.

Təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra olunur və abonentin elektron poçt ünvanına yeni müqaviləni imzalaması üçün sukanal idarəsinə yaxınlaşması barədə bildiriş göndərilir. Əgər abonentin təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.

Texniki şərt almış istehlakçılar bu xidmət vasitəsilə “Azərsu” ASC-nin abonent bazasında qeydiyyata alınır, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi üçün onlarla  müqavilə bağlanır və abonent kodu verilir.