Facebook Twitter Instagram Youtube Google+
   
Milli su təchizatı
 
“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I”

 

   “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanmış və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.

 

 Şamaxı şəhəri üzrə

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir.  Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə  tikinti-quraşdırma işlərin böyük hissəsi yekunlaşmışdır.

 “Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmaqla 3 mərhələdə həyata keçirlir. 

 

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində çayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları,  ümumi həcmi 1000  kubmetr olan 2 ədəd su anbarı, 3 ədəd su nasos stansiyası tikilmişdir. Layihə çərçivəsində su mənbəyindən anbarlara qədər  3,4 km özüaxımlı magistral və anbarlararası  kəmərlər çəkilmiş və laboratoriya binası inşa edilmişdir.

Layihənin ikinci  mərhələsində Şamaxı şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilmişdir. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün ümumi tutumu 7 min kubmetr olan 4 ədəd anbar inşa edilmişdir. Şəhər üzrəlayihələndirilmiş 131 km içməli su  şəbəkənin 125 km-lik hissəsində işlər başa çatdırılmış, 7 minə yaxın  ünvana  birləşmə verilmişdir. Eyni zamanda 130 km kanalizasiya şəbəkəsinin 114 km-lik hissəsində işlər yekunlaşmış, şəbəkə üzərində 2692 ədəd kanalizasiya baxış quyusu  inşa edilmişdir. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4100 ünvan qoşulmuşdur.

Şamaxı şəhərində yaranacaq tullantı suların təmizlənməsi layihənin sonuncu mərhələsi çərçivəsində hazırda inşası davam etdirilən və  sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyci qurğuda həyata keçiriləcəkdir.

 

 

Qəbələ şəhəri üzrə

 

   Qəbələ şəhəri üçün supaylayıcı sistemin və sugötürücü qurğuların tikintisi  (I mərhələ) üzrə keçirilmiş beynəlxalq rəqabətli tenderin  qalibi “AS Tikinti” MMC şirkəti (Azərbaycan) arasında 17 yanvar 2011-ci il tarixdə müqavilə imzalanmışdır. 

 Layihə çərçivəsində Qəbələ şəhərində 6 ədəd subartezian quyuların qazılması, xarici elektrik təchizatı, 1177 metr magistral suyığıcı boru kəmərinin, 15600 metr magistral su xətləri, baş su anbarları meydançasında 2 ədəd 1000     m3-lik su anbarının, 1 saylı su anbarları meydançasında 2 ədəd 500 m3-lik su anbarının, 2 saylı su anbarları meydançasında 2 ədəd 600 m3-lik su anbarının,        3 saylı su anbarları meydançasında 2 ədəd 600 m3-lik su anbarının və 4 saylı su anbarları meydançasında 2 ədəd 500 m3-lik su anbarının tikintisi nəzərdə tutulmuşdur. Bütün qurğular üzrə tikinti-quraşdırma işləri başa çatdırılmışdır.

Qəbələ şəhərinin su təchizatı sistemi və çirkab su kollektorlarının tikintisi (II mərhələ) məqsədilə keçirilmiş beynəlxalq rəqabətli tenderin nəticəsi olaraq “Azərsu” ASC ilə “PWT Wasser- und. Abwassertechnik GmbH.” şirkəti (Almaniya) arasında 25 may 2012-ci il tarixdə müqavilə imzalanmışdır.

Layihə çərçivəsində Qəbələ şəhərində 94102 metr su şəbəkəsi xətlərinin və 95104 metr kanalizasiya şəbəkəsi xətlərinin tikintisi nəzərdə tutulmuşdur.

Qəbələ şəhərində çirkab su təmizləmə qurğusunun və əlaqəli qurğuların tikintisi (III mərhələ) məqsədilə keçirilmiş beynəlxalq rəqabətli tenderin nəticəsi olaraq “Azərsu” ASC ilə “Alke – Alkataş Birgə Müəssisəsi” (Türkiyə) arasında 24 sentyabr 2012-ci il tarixdə müqavilə imzalanmışdır.

Layihə çərçivəsində Qəbələ şəhərində 4500 m3/gün gücündə çirkab su təmizləmə qurğusunun tikintisi nəzərdə tutulmuşdur.

 


Saatlı şəhəri üzrə

 
   Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə beynəlxalq rəqabətli tender keçirilmişdir. Tenderin nəticələrində görə, daha əlverişli şərtlər təklif edən “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti Saatlı şəhərinin  su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə qalib elan edilmişdir. Dünya Bankından müvafiq razılıq alındıqdan sonra “Azərsu” ASC ilə “Azərsutəchizattikinti” ASC arasında müqavilə imzalanmışdır. 30 may 2012-ci il tarixdə Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilmişdir. 

   Layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemi tamamilə yenidən qurulacaq. Bu məqsədlə Saatlıda hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması, 134062 metr şəhərdaxili paylayıcı su xətlərinin çəkilməsi, 5500 ev birləşmələri, 660 ədəd yanğın hidrantı, əsas və ikinci dərəcəli çirkab su kollektorları, 111738 metr kanalizasiya şəbəkəsi xətləri, məhsuldarlığı 213 l/san. təşkil edən 15 ədəd çirkab su nasos stansiyasının tikilməsi nəzərdə tutulur.

  

Sabirabad şəhəri üzrə


Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib.
   8 iyun  2012-ci il tarixdə Sabirabad  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilmişdir.

Layihə çərçivəsində Sabirabad şəhərində hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması bununla yanaşı, 151 km metr uzunluğunda paylayıcı su xətti, 135 km uzunluğunda kanalizasiya xəttinin çəkilməsi, məhsuldarlığı 365,54 l/san. təşkil edən 8 ədəd çirkab su nasos stansiyasının tikintisi, 6350 ev birləşmələri, 609 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulmuşdur.

15 dekabr 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir