Kiçik şəhərlərdə su təchizatı

 

 “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”

 

  Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nə dair Kredit Sazişi  29 may 2009-cu il tarixdə imzalanmış və 30 iyun 2009-cu il tarixdə qüvvəyə minmişdir.

  Layihə 7 şəhər və rayon mərkəzinin (Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.

   İşçi layihənin hazırlanması, tikintiyə nəzarət və layihənin idarə edilməsi üzrə Yaponiyanın “Tokyo Engineering Consultants Co.Ltd.” məsləhətçi şirkəti ilə 05 avqust 2010-cu il tarixdə müqavilə imzalanmış və layihələndirmə işlərinə başlanmışdır.

  2012-ci ilin əvvəlində Qusar, Xızı və Xaçmaz şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin (suqəbuledici qurğu, magistral boru xətti və su anbarları) yenidən qurulması üzrə beynəlxalq müsabiqəli tender yekunlaşmışdır. Tenderin nəticəsinə əsasən qalib şirkət “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti  elan edilmişdir. 07 fevral 2012-ci il tarixdə qalib təşkilatla podrat müqaviləsi imzalanmış və 23 fevral 2012-ci il tarixdə işlərin başlanmasına dair göstəriş verilmişdir.

  2012-ci il aprel ayının 19-da Qusar və Xaçmaz şəhərlərinin, mayın 2-də isə Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilmişdir. 

 

Qusar şəhəri üzrə

 

   “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Qusar şəhərində 19618, Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Çartəpə, Orta Xuç, Aşağı Xuç, Xuray kəndlərində isə 11835 nəfər olmaqla 31453 insanın su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

   Layihənin 1-ci mərhələsinə uyğun olaraq Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7344 kubmetr olan drenaj tipli suqəbuledici qurğu (700 metr uzunluğunda) tikiləcək, 355 və 225 mm diametrli borularla 21 km uzunluğunda magistral su xətti çəkilmişdir. Hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı inşa olunmuşdur. Eyni zamanda  2,8 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilərək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikilmişdir.

   Layihənin növbəti mərhələsində 106,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, 102 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, həcmi 1000  kubmetr olan su anbarı tikiləcək, 6100-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq. 

Layihə üzrə tikinti-quraşdırma işlərinin podrat müqaviləsi imzalandıqdan sonra iki il müddətinə (2015-ci ilin 1-ci yarım ilində ) başa çatdırılması nəzərdə tutulur.  

 

Xaçmaz şəhəri üzrə

 

   “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Xaçmaz şəhərində 46776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xacmaz kəndlərində isə 10863 nəfər olmaqla umumilikdə 57639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb .

   Layihənin 1-ci mərhələsinə uyğun olaraq mövcud Uçqun bulağı bərpa olunacaq, bununla da bu mənbədən  saniyədə 200  litr və ya sutkada 17300 kubmetr su götürmək mümkün olacaq.  400  mm diametrli 2 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3000 kubmetr olan 2 və  hər birinin tutumu 2000 kubmetr olan 2 su anbarı inşa olunacaq (ümumi həcm 10000 kubmetr), 1,5 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkiləcək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikiləcək.

  Layihənin növbəti mərhələsində 165,6 km uzunluğunda şəbəkə su xətti, 149 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq. Layihəyə uyğun olaraq Xaçmaz şəhərində 1 ədəd su, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi də planlaşdırılır.

   Yaranan çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 50 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Quba, Qusar və Xaçmaz şəhərlərində yaranan çirkab suları emal üçün bu təmizləyici qurğuya nəql ediləcək.

 Layihə üzrə tikinti-quraşdırma işlərinin podrat müqaviləsi imzalandıqdan sonra iki il müddətinə (2015-ci ilin 1-ci yarım ilində ) başa çatdırılması nəzərdə tutulur.  

 

Xızı şəhəri üzrə

   “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423, eləcə də Baxışlı, Tıxlı, Xələç kəndlərində 1562 nəfər olmaqla umumilikdə 6279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

   Birinci mərhələ üzrə işlərin böyük hissəsi başa çatmışdır. İstehlakçıları daimi içməli  su ilə təmin etmək məqsədilə Qars su mənbəyində sutkalıq məhsuldarlığı 430 kubmetr, Yeddibulaqda 40 kubmetr olan sugötürücü qurğunun və polad borularla ümumi uzunluğu 17,3 km olan magistral su kəmərlərinin tikintisi yekunlaşmışdır.  Dahardibi su mənbəyi üzrə işlərin başlanmasına hazırlıq görülür.

    “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsi çərçivəsində Şəfa su mənbəyində sutkalıq məhsuldarlığı  240 kubmetr olan sugötürücü qurğu tikiləcək, Xızı şəhərində hər birinin həcmi 1000 kubmetr olan 2 ədəd, Altıağac qəsəbəsində isə hər birinin həcmi 400 kubmetr olan 4 ədəd su anbarı inşa ediləcəkdir. Layihə çərçivəsində istehlakçıların  mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətlərindən yararlanması üçün 42,1 km paylayıcı su, 30,4 km kanalizasiya xətti çəkiləcək, hər bir ünvana birləşmə verilərək bütün abunəçilər smart-kart sayğaclarla təmin olunacaqdır. Bundan başqa layihə çərçivəsində inzibati bina, laboratoriya və digər istehsalat binalarının tikintisi, o cümlədən maşın–mexanizmlərin alınması planlaşdırılır.

   Layihənin üçüncü mərhələsində yaranacaq tullantı sularının təmizlənməsi məqsədi ilə Xızı şəhərində sutkalıq məhsuldarlığı 1500 kubmetr, Altıağac qəsəbəsində isə 350 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcəkdir.

 

 Naftalan şəhəri üzrə

 

 “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su yeni mənbədən - Ballıqayadan verilir. Şəhərin dayanıqlı su təchizatı üçün Ballıqaya-Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilmişdir. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su gətirilir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa olunacaqdır. Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

  10 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə  Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.

.

 Qobustan şəhəri üzrə


  10 may 2015-ci il tarixdə Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilmişdir.

    Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir.  Layihə 2030-ci ilə qədər perspektiv inkişaf  nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasınahesablanmışdır.  Gələcəkdə bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcəkdir.

  Əhalinin keyfiyyətli və daimi içməli su ilə təmin edilməsi üçün mənbə rayonun Təsi kəndi yaxınlığındakı yeraltı sular seçilmişdir. Layihəyə uyğun olaraq mənbədə 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3800 kubmetr olan əksosmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur.

Layihə çərçivəsindəQobustan şəhərində 61,4 km uzunluğunda su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcəkdir. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğacla təmin edilməsi nəzərdə tutulur

Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaqdır. Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2875 ünvana birləşmə veriləcəkdir.

Qobustan şəhərində tullantı  suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məsuldarlığı sutkada 2500 kubmetr olan çirkab sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.

Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

 

 

 

 


   
   
Sorğu
Xidmətlərimizlə bağlı “Asan xidmət”ə müraciət edirsinizmi?
Bəli Xeyr Məlumatım yoxdur