Facebook Twitter Instagram Youtube Google+
   
Açıq kommunal infrastruktur

 

“Açıq Kommunal İnfrastruktur Proqramı II”

    Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Azərbaycan Respublikası hökuməti və Almaniyanın KfW Bankı arasında 25 sentyabr 2006-cı il tarixdə “Ssuda Müqaviləsi” imzalanmışdır. Layihə çərçivəsində məsləhət xidmətlərinin cəlb edilməsi və Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının bir hissəsinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası hökuməti arasında 25 sentyabr 2006-cı il tarixdə “Kommunal İnfrastruktur I və II” layihəsi üzrə Maliyyə yardımının göstərilməsinə dair Qrant sazişi imzalanmışdır.  Layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Almaniyanın KfW Bankı arasında 20 dekabr 2012-ci il tarixdə 100 milyon avro həcmində Kredit Sazişi və 2 milyon avro həcmində Maliyyələşdirmə Müqaviləsi imzalanmışdır.

 

Şəki şəhəri üzrə

         “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Şəki şəhərində 79 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin, rayonun Kiş, Oxud və Qoxmuq kəndlərində 11 min nəfərin içməli su təchizatının istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Ümumilikdə layihədən 90 min nəfər faydalanacaqdır.

Şəki şəhərini içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Kiş su  mənbəyi seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2010-cu ilin dekabrında başlanılmışdır. Bu mərhələdə Kiş Sugötürücü qurğusu inşa edilmiş, su mənbəyindən anbar kompleksinə qədər 2,9 km uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin tutumu 1000 kubmetr olan 2 ədəd su anbarı, xlorator qurğusu, sutəmizləyici stansiyanın inzibati binası inşa edilmiş və tikinti işləri 2011-ci ilin sentyabrında başa çatdırılmışdır.

Eyni zamanda hər birinin tutumu  3000 kubmetr olan 3 ədəd su anbarı inşa edilmiş, 1000 kubmetr tutumu olan mövcud su anbarında təmir işləri aparılaraq bu mərhələ üzrə inşaat işləri 2015-ci ilin yanvar ayında başa çatdırılmışdır. 

Layihənin ikinci və üçüncü mərhələsində tikinti işləri üçün mövcud olan vəsait hesabına ilkin mərhələdə şəhərin mərkəz hissəsini əhatə edəcək 74,2 km su şəbəkəsinin və 92,0 km kanalizasiya şəbəkəsinin və çirkab su təmizləyici qurğuların  birinci  hissəsinin  (məhsuldarlığı  8 000 m³/gün) tikintisi nəzərdə tutulur. Bu mərhələdə şəbəkələrin tikintisi ilə paralel su sayğaclarının alınması və quraşdırılması işlərinin dövlət büdcəsindən ayrılacaq əlavə vəsait hesabına 2017-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

 

Layihənin bu mərhələlərlə icrası ilkin mərhələdə inşa edilmiş şəbəkələrin sistemə qoşularaq xidmət göstərməsi, Şəki şəhərinin mərkəz hissəsində sabit və keyfiyyətli su təchizatı və kanalizasiya xidmətlərinin təşkili və təxminən 21 500 nəfər əhalinin bu xidmətlərdən yararlanmasını təmin edəcəkdir.

 

Gəncə şəhəri üzrə

   "Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilmişdir.

   Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2011-ci ilin sentyabrında başlanılmış, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılmış, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilmiş və mənbədən anbara qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilmişdir. Bu mərhələ üzrə  tikinti işləri 2014-cü ilin sentyabrında başa çatdırılmışdır. 

  Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, mənbənin məhsuldarlığı saniyədə 250 litrə çatdırılmışdır. Bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr  olan 3 ədəd anbar və 5,5 km uzunluğunda anbarlararası xətt inşa edilmişdir.

  Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən sutəmizləyici qurğudan təmin ediləcək.Layihəyə əsasən bu mənbədən şəhərə saniyədə 1200 litr su veriləcək. 27 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası başa çatdırılmışdır.

   Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. Şəhərdə 855 km paylayıcı su xəttinin, 813 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdur.

  Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 150 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcəkdir.

   Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

 


 

 

 

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir