Facebook Twitter Instagram Youtube Google+
   
Şəki şəhərində Almaniyanın KfW Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilmişdir
Tarix: 2016-12-14

               

Dekabrın 13-də Şəki şəhərində Almaniyanın KfW Bankının Azərbaycanda səfərdə olan missiyası ilə  görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vitt, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının  birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II”  layihəsinin icrası ilə bağlı  müzakirələr aparılmışdır.

Baş nazirin müavini Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə qonaqlara məlumat vermiş, bu sahədə beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniyanın KfW Bankıilə uğurlu əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır.

Almaniyanın KfW Bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vitt bu əməkdaşlığı yüksək qiymətləndirərək təmsil etdiyi qurumun  Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına bundan sonra da dəstək verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə Gəncə və Şəki şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin mövcud vəziyyəti və növbəti  mərhələdə həyata keçiriləcək tədbirlər  geniş müzakirə edilmişdir.

     

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

“Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Şəki şəhərini, həmçinin Oxud və Qaxmuq kəndlərini əhatə edir. Layihənin birinci mərhələsi çərçivəsində 2274 m uzunluğunda Kiş Sugötürücü qurğusu inşa edilmiş, su mənbəyindən  anbar kompleksinə qədər 2876 m uzunluğunda magistral su xətti çəkilmiş, həcmi 2000 kubmetr olan su anbarı, xlorator qurğusu inşa edilmişdir.

       Layihənin ikinci mərhələsində 6681 m uzunluğunda Qurcana magistral xətti inşa edilmiş, hər birinin tutumu 3000 kubmetr olan 3 ədəd su anbar inşa edilmiş, həcmi 1000 kubmetr olan mövcud su anbar bərpa edilmişdir.

Layihənin üçüncü mərhələsində Şəki şəhərinin mərkəzi hissəsinin paylayıcı su və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində şəhərdə 2 ədəd tutumu 1500m³ su anbarı, 126,7 km içməli su şəbəkəsi, 115,3 km kanalizasiya xətti, 21 km kanalizasiya kollektoru inşa ediləcək, 8026 abonentə ev birləşməsi veriləcək, 437 yanğın hidrantı quraşdırılacaq. Bu mərhələ çərçivəsində işlərin 2018-ci ilin noyabr  ayında başa çatdırılması nəzərdə tutulub.

Layihənin növbəti mərhələsində məhsuldarlığı sutkada 8 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcəkdir. Hazırda bununla bağlı layihələndirmə işləri həyata keçirilir.

“Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” isə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihədə Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl və Şəmkirçay su mənbələri seçilmişdir. Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılmış, 24,5 km Göygöl-Gəncə magistral su xətti çəkilmişdir. Eyni zamanda Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, Şəmkirçay su mənbəyindən  27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilmişdir. Hazırda Gəncədə şəhərdaxili içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri davam etdirilir. Layihənin növbəti mərhələsində tullantı sutəmizləyici qurğu inşa ediləcəkdir.

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir