Facebook Twitter Instagram Youtube Google+
   
Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlərin böyük hissəsi yerinə yetirilmişdir
Tarix: 2016-11-24

          

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilmişdir.

 “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin  su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmaqla ümumilikdə layihədən 58 min nəfər faydalanacaqdır.

Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılmışdır. Birinci mərhələdə su mənbəyi - Uçqun bulağı bərpa olunmuş və məhsuldarlığı saniyədə 230  litrə çatdırılmışdır. Su mənbəyindən anbarlaradək 400 mm diametrli  borularla 2 km uzunluğunda magistral su xətti çəkilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10000 kubmetr olan 4 ədəd (2 ədəd 3000 kubmetrlik,  2 ədəd 2000 kubmetrlik) su anbarı, 1,6 km uzunluğunda anbarlararası su xətti inşa edilmişdir.

Layihənin ikinci  mərhələsində Xaçmaz şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılmasına başlanılmışdır. Şəhər üzrə layihələndirilmiş 142,6 km içməli su  şəbəkəsinin 76  km-lik hissəsi inşa edilmiş, 2980  ünvana  birləşmə verilmişdir. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 149 km kanalizasiya şəbəkəsinin 106,6 km-lik hissəsində işlər yekunlaşmış, 5307 ünvana ev birləşməsi verilmişdir. Bundan başqa diametri 1400 mm, uzunluğu 1,2 km olan kanalizasiya kollektorunun inşası da  tam yekunlaşmışdır.

Şəhərdə yaranacaq tullantı suları  Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir.

Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.  Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatmış, digər rayonlarda isə davam etdirilir. 

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir