Facebook Twitter Instagram Youtube Google+
   
Ukraynanın “İrpenvodokanal” Kommunal Müəssisəsi "Azərsu" ASC-nin təcrubəsini öyrənir
Tarix: 2016-11-18

Azərbaycanda  həyata keçirilən içməli su və kanalizasiya layihələrində müasir və innovativ texnologiyaların tətbiqi xarici ölkələrdə maraqla qarşılanır. “Azərsu” ASC tərəfindən   yeni texnologiyalardan istifadə edilməklə yaradılmış bir sıra infrastruktur obyektləri  müxtəlif ölkələrdə nümunəvi layihələr kimi qiymətləndirilir.

Bu günlərdə Ukraynanın Kiyev vilayətinin İrpen şəhərindən nümayəndə heyəti  Azərbaycanda səfərdə olmuşdur. İrpen şəhərinin su təchizatı təşkilatı  “İrpenvodokanal” Kommunal Müəssisəsinin (KM) rəhbəri Aleksandr Markuşin və İrpen şəhəri merinin birinci müavini Dmitri Xristyuk “Azərsu” ASC-nin bir sıra obyektlərinə səfər etmişlər.   

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər edən ukraynalı qonaqlar kompleksdə suyun emal prosesləri ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, dünyanın ən böyük ultrasüzgəcli qurğularından biri olan bu kompleksdə tam qapalı, avtomatik rejimdə təmizlənən su  Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi  standartlara tam cavab verir.

“Azərsu”  ASC rəsmiləri ilə keçirilən görüşdə qonaqlara məlumat verilmişdir ki, ölkə rəhbərliyi əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır və bu məqsədlə genişmiqyaslı layihələr həyata keçirilir. İçməli suyun keyfiyyətinin daha da yüksəldilməsi, kanalizasiya və yağış suları quyularının təmizlənməsi, maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması, kadr hazırlığı və yeni texnologiyaların tətbiqi prioritet məqsədlərdəndir.    

Ukraynalı qonaqlar bildirmişlər ki, ölkələrində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə xüsusi dövlət proqramları icra olunmur. Bu sahədəki  problemlərin həlli yerli idarəetmə orqanlarının və su təchizatı müəssisələrinin  üzərinə düşür. Hazırda şəhər büdcəsi istismar müddətini başa vurmuş su təchizatı və kanalizasiya infrastrukturunu yenidən qurmağa imkan vermir.

Ukrayna nümayəndə heyətinin üzvləri bildirmişlər ki, İrpen şəhərinin rəhbərliyi içməli su təchizatının yaxşılaşdırılmasını qərara almışdır.  Bu məqsədlə sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Təmizləyici qurğuların, kanalizasiya xətlərinin  layihələndirilməsi və tikintisi, xüsusi texnikanın və yeni avadanlığın alınması, “İrpenvodokanal” KM-in perspektiv inkişafını nəzərdə tutan  digər layihələrin maliyyələşdiriləsi məqsədi ilə araşdırmalar aparılır.

“İrpenvodokanal”  KM rəhbərliyi “Azərsu” ASC-nin təcrübəsindən yararlanmaq və gələcəkdə əməkdaşlıq etmək niyyətindədir.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanda boru, hidrant, kanalizasiya qapaqları, sürgülər və digər avadanlıqlar  istehsal edən  müəssisələrə baş çəkmişlər.

İrpen şəhəri Ukraynanın paytaxtın Kiyevin şimal şərqində yerləşir və əhalisinin sayı 40 min nəfərdir.

 

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir