logo

“Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”


Astara, Daşkəsən, Gədəbəy, Tərtər və Qazax şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində həyata keçirilir. 2011-ci ilin aprelində Azərbaycan Respublikası hökuməti İslam İnkişaf Bankına (İİB) layihənin maliyyələşdirilməsi üçün rəsmi müraciət etmişdir. Həmin ilin dekabrında İİB tərəfindən təqdim edilmiş İstisna Sazişi və Agent Saziş Azərbaycan hökumətinə təqdim edilmişdir. 2012-ci ilin aprelində hər iki saziş Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən imzalanmış, avqustun 25-də qüvvəyə minmişdir.

   

Gədəbəy şəhəri üzrə

 

        

“Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

“Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2014-cü ildə başlanılmışdır.  Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq Südlübulaq bulaqları seçilmiş və su mənbəyində 1 ədəd suqəbuledici qurğu tikilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçünümumi həcmi 5500 kubmetr olan 7 ədəd su anbarı, 14,8 km magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilmişdir.

Gədəbəy şəhərində 81km içməli su şəbəkəsinin tikintisi başa çatmış, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Şəhərdə ilk dəfə kanalizasiya sistemi yaradılmış, 47,6 km kanalizasiya şəbəkəsi və 1,5 km kanalizasiya kollektoru tikilmişdir.

20 avqust 2017-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Gədəbəy şəhərində  içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. 

Layihənin sonuncu mərhələsində tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 3500 kubmetr olan təmizləyici qurğu inşa ediləcəkdir. Hazırda tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosedurları həyata keçirilir.

Layihə çərçivəsində Gədəbəy Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi də nəzərdə tutulmuşdur.

                                                       

           Astara şəhəri üzrə       

   

                                                                                                  2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb.Bu layihə Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə həyata keçirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə rayonun 73 min nəfərədək sakinin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 102 min nəfər sakin faydalanacaq.

Astara şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Hazırda bu mənbə hesabına Lənkəran şəhəri və ətraf kəndlər də içməli su ilə təmin olunur. Sutəmizləyici qurğuda  suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur.

Emal prosesindən keçən suyun anbarla ötürülməsi məqsədilə məhsuldarlığı saatda 450 kubmetr olan nasos stansiyası quraşdırılıb, 530 metr daşıyıcı kəmər tikilib.

Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. 10000 kubmetr tutumu olan su anbarı Lənkəran, hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarına onlayn rejimdə tənzimlənir.

Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 mm olan polietilen boru ilə 29,2 km magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin  su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.

Layihə çərçivəsində Astara şəhərində 109 km içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 ədəd su sayğacı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Suyun optimal idarə olunması məqsədilə 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb.

Astara şəhərində kanalizasiya şəbəkəsinin  yaradılması üçün uzunluğu  70,5 km kanalizasiya şəbəkəsi, 8 km tunel tipli  kanalizasiya kollektoru, 2 kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası layihələndirilmişdir. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Layihə çərçivəsində Astara müştəri xidmətləri sahəsi üçün müasir tipli inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada ulu öndər Heydər Əliyev guşəsi yaradılıb, işçi otaqları, İT otağı, iclas zalı, müştərilərin qəbulu üçün hər cür şərait yaradılıb. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılacaqdır.

 

Tərtər şəhəri üzrə

 “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

Layihənin icrasına 2015-ci ilin mayında başlanılmışdır. Tərtər şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı saniyədə 200 litr olan 9 subartezian quyusu qazılmış, 3,6 km quyulararası, 2,3 kilometr magistral xətt inşa edilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı, nasos stansiyası tikilmişdir.

Layihə çərçivəsində Tərtər şəhərində 90 km içməli su, 74 km kanalizasiya şəbəkəsi, 3,4 kilometr kanalizasiya kollektoru tikilmiş, hər bir ünvana birləşmə verilmiş və abonentlər sayğaclarla təmin olunmuşdur.

03 dekabr 2016-cı il tarixdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Tərtər şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin istismara verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Şəhərdə yaranacaq tullantı suların təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğunun tikintisi üzrə tender prosedurları həyata keçirilir. Layihə çərçivəsində Tərtər Sukanal İdarəsi yeni inzibati binanın tikintisi də nəzərdə tutulmuşdur.

 

Daşkəsən şəhəri üzrə

 

    

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

İcrasına 2015-ci ildə başlanmış layihəyə əsasən, Daşkəsən şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Qarainək bulaqları və Gurbulaq su mənbəyi olaraq seçilmişdir. Qarainək bulaqları üzərində suqəbuledici qurğular inşa edilmişdir. Hazırda Gurbulaq su mənbəyinin tikintisi davam etdirilir. Şəhərin su təchizatını təmin etmək üçün ümumi həcmi 4500 kubmetr olan 4 su anbarı, 20,3 km uzunluğunda magistral su kəməri, 2 ədəd nasos stansiyası inşa edilmişdir.

Daşkəsən şəhərində inşası planlaşdırılan 17,3 km paylayıcı su şəbəkəsinin tikintisi başa çatmış, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Yeni yaradılmış su təchizatı sistemi ilə Daşkəsən şəhərinə fasiləsiz suyun verilməsi təmin edilmişdir.

Layihəyə uyğun olaraq Daşkəsən şəhərində 13,3 km kanalizasiya şəbəkəsi tikilmişdir. Daşkəsən şəhərində yaranan tullantı sular hazırda inşa edilən və sutkalıq məhsuldarlığı 3500 kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaqdır.

Layihə çərçivəsində Daşkəsən Sukanal İdarəsi yeni inzibati binanın tikintisi də nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində rayonun 1500 min nəfər əhalisinin yaşadığı Alunitdağ və Mədənçilər qəsəbələrinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Artıq Alunitdağ qəsəbəsinə su verilib, Mədənçilər qəsəbəsinə də suyun verilməsi təmin olunacaq.