Facebook Twitter Instagram Youtube Google+
   
Su təsərrüfatı

Bakı şəhərinin su təchizatı

   Bakı şəhərinin ilkin su təchizatının tarixi XVIII əsrdən başlayır. Tarixi mənbələrə əsasən XVIII əsrin sonlarında şəhərə Bakı xanlarının adı ilə bağlı 3 su kəməri çəkilmişdi. Bakının şimalında, yayladakı 3 bulaqdan qidalanan “Şah” su kəməri XVIII əsrin 20-ci illərində inşa edilib. Bu kəmər metronun indiki “İçərişəhər” stansiyası istiqamətindən şəhərə daxil olurmuş. “Şah” kəməri əsasən “Şirvanşahlar” sarayı  kompleksini və onun ətrafındakı yaşayış sahələrini içməli  su ilə təmin edirmiş.

   1791-1792-ci illərdə tikilmiş  “Məmmədquluxan” su kəməri isə Şəhidlər Xiyabanı yaxınlığında yerləşən iki bulaqdan qidalanırmış. Bu kəmər indiki Filarmoniya binasının aşağı hissəsindən İçəri Şəhərə daxil olur və əsasən qalanın qərb və cənub hissəsinin su ilə təmin edirmiş.

   O dövrdə Bakı əhalisini içməli su ilə təmin edən 3-cü kəmər Bakı xanı Hüseynqulu xanın adını daşıyırdı. Kəmər mənbəyini indiki Azərbaycan prospektindəki 2 bulaqdan götürürmüş. Yolboyu kəmərə üçüncü bir bulağın suyu qoşulur və “Qoşa qapı” istiqamətində şəhərə daxil olurmuş. Həmin vaxtlar su təchizatında 1000-dən artıq quyudan da istifadə olunurmuş. Bunların əksəriyyətindən yalnız məişət məqsədləri üçün istifadə edilirmiş. İndi də bu quyuların bir neçəsindən yaşıllıqların suvarılması üçün istifadə edilir.

   1893-cü ilə qədər Bakı şəhərinin su ilə təminatında quyu suyundan kütləvi istifadə dövrü kimi yadda qalıb. 1859-cu ildə Şamaxını yerlə yeksan edən zəlzələdən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi məsəsləsi qaldırılır. Donmayan dəniz limanı, qışda mülayim iqlimi olan Bakı mərkəz kimi əlverişli hesab olunur və Rus imperatoru II Aleksandr qədim Bakı qalasını quberniyanın mərkəzi  şəhəri olmasına razılıq verir. Bununla əlaqədar sonrakı 15 ildə tikinti sahəsi və neft sənayəsində sürətli inkişaf qeydə alınır.

   Əvvəllər olduğu kimi, bu dövrdə də Abşeronda içməli su problemi yaşanır. Yüksək codluğu ilə seçilən və acı-şor dadı verən quyu suları keyfiyyətsiz sayılırdı. Tullantı suların quyulara sızması onların keyfiyyətini lap aşağı salırdı. Bəzi tarixi mənbələrdə göstərilir ki, 1892-ci ildə Bakıda baş vermiş vəba epidemiyasına su təchizatının qənaətbəxş səviyyədə olmaması səbəb olub.

   Bakı şəhərinin ilkin mərkəzləşmiş su təchizatı ilə bağlı 1880-ci ildə Şəhər Dumasında yaradılmış xüsusi komissiya Bakı ətrafındakı mənbələri öyrənərək mənfi rəylə çıxış etmişdi. Bununla da Bakı ətrafında su mənbələrinin axtarışına son qoyulmuş və komissiya inkişaf edən şəhər üçün Abşerondan kənarda axtarışlara başlanmasına qərar vermişdi.

   Uzaq ərazilərdən suyun gətirilməsinin xeyli vaxt aparacağını nəzərə alan şəhər rəhbərliyi əhalini içməli su ilə təmin etmək üçün alternativ variantlar üzərində də işlər aparmış, 1893-cü ildə Bakıda gücü sutkada 30 min vedrə (350 m3/sutka) olan dəniz suyunu duzsuzlaşdıran qurğu tikilmişdi. 1898-ci ildə “Artur Koppel” şirkəti tərəfindən gücü sutkada 90 min vedrə (1100 m³/sutka) olan təkmilləşdirilmiş dəniz suyunu duzsuzlaşdıran qurğu istifadəyə verilmişdir.

  Kür çayından Bakıya içməli suyun gətirilməsi də bu dövrə təsadüf edir. 1908-ci ildə təsis olunmuş “Kür çayı” cəmiyyətinin barjaları ilə paytaxta sutkada 200 min vedrə (2500 m³/sutka) su gətirilirmiş. O dövrdə Bakıya gətirilən Kür suyunun yalnız yarısı təmizlənirmiş. Bunun üçün şəhərin sahilyanı sahəsində xüsusi hovuzlar tikilmiş, burada Amerikanın “Cuel” firmasının süzgəcləri quraşdırılmışdı. 20-ci əsrin əvvəllərində Bakıya Volqa çayından da barjalarla su daşınırmış. Bu su digərlərindən nisbətən baha - vedrəsi 2 qəpiyə satılırmış. O dövrdə su təchizatı mənbələrinin müxtəlifliyinə və çoxluğuna baxmayaraq, bir nəfərə sutkada cəmi 16 litr su düşürmüş.

  Su təchizatında yaranmış çətinliklə bağlı Abşerona kənardan su gətirilməsi ilə əlaqədar Bakı Şəhər Dumasında tez-tez müzakirələr keçirilirmiş. Yeni su təchizatı sisteminin yaradılmasına isə ən böyük dəstəyi neft milyonçusu Hacı Zeynalabdin Tağıyev verirmiş. Onun təklifi ilə Dumanın içməli su mənbələrinin axtarışı üzrə xüsusi komissiyası layihə hazırlanması üçün xarici mütəxəssislərə  sifariş verir. İngilis mühəndis Uilyam Lindleyə Kür və Samur çayı əsas götürülməklə Bakı şəhərinin su təchizatı layihəsinin hazırlanması tapşırılır.

   Aparılan tədqiqatlara əsaslanan ingilis mühəndis yerüstü su mənbələri ilə yanaşı, yeraltı sulardan da istifadəni təklif edir. Şəhər Dumasında buna etiraz edənlər olsa da, Uilyam Lindley yeraltı suların öyrənilməsi üçün icazə ala bilir. Lindleyin rəhbərlik etdiyi ekspedisiya Quba qəzasının Şollar kəndi yaxınlığında araşdırmalara başlayır və bir müddət sonra işlər yarımçıq dayandırılır.

   Hacı Zeynalabdin Tağıyevin təkidi ilə Uilyam Lindley yenidən Bakıya dəvət olunur və ekspedisiya axtarışları davam etdiri. U.Lindley Abşerona Şollardan (Bakıdan 187 km məsafədə), Kür çayından (Bakıdan 110 km məsafədə) və Samur çayından (Bakıdan 200 km məsafədə) suyun gətirilməsi barədə layihələr təqdim edir. “Yeraltı sular” variantına üstünlük verən ingilis mütəxəssis texniki, sanitar və maliyyə baxımından Şollara üstünlük verir.

  Şəhər Duması uzun müzakirələrdən sonra “Yeraltı sular” variantını qəbul edir və 1903-cü ildə Şollar-Bakı su kəmərinin tikintisinə başlanır. Kəmərin inşası ilə quyuların qazılması paralel aparılır. Buna baxmayaraq, tikinti işləri çox ləng gedir, hətta müəyyən vaxtlar işdə fasilələr yaranır. 1917-ci ilin fevral ayında Şollar kəməri ilə ilk su Bakı əhalisinə çatdırılır. 1930-cu illərdə kəmərin quyu zonasında aparılmış texniki işlərdən sonra mənbənin məhsuldarlığı bir neçə dəfə artırılaraq saniyədə 1,27 kubmetrə çatdırılmışdır.

  SSRİ-nin 5 illik planları və xalq təsərrüfatının inkişafı Abşeronda içməli suya tələbatı artırır və yarımadaya yeni su kəmərinin çəkilməsini zəruri edir. Bu məsələ 1930-cu illərdə geniş müzakirə olunur və Azərbaycan SSR-nin rəhbərliyi təklif olunmuş bir neçə variant arasında Bakıdan 170 km şımalda yerləşən Xaçmaz rayonundan yeni kəmərin çəkilməsini təsdiqləyir. Beləliklə, 1934-cü ildə İkinci Bakı Su Kəmərinin tikintisinə başlanır. Böyük Vətən müharibəsi ilə əlaqədar kəmərin inşasında fasilələr yaranır. Nəhayət, 1958-ci ildə kəmər istismara verilir.

  Sovet İttifaqı Kommunist Partiyasının Abşeronun şimalında iri sənaye mərkəzi yaratmaq barədə qərarı və 1950-ci illərdə Sumqayıtda kimya zavodlarının inşası yeni su təchizatı mənbələrinin tikintisini tələb edirdi. Mütəxəssislər bir neçə variantın mümkünlüyünü bildirsələr də, yenə də ingilis mühəndis U.Lindleyin təklif etdiyi və iqtisadi cəhətdən əsaslandırılmış layihə bəyənilir. Bu variant Samur çayından götürülən suyun Ceyranbatan anbarına verilməsini, anbarın sahilində sutəmizləyici qurğuların tikintisini nəzərdə tuturdu. Tikiləcək Samur-Abşeron kanalının suyundan Abşeronda suvarma məqsədləri üçün də istifadə edilməsi planlaşdırılırdı.

  1951-1957-ci illərdə Abşeronun şimal-qərbindəki Dəvəyatağı və Ceyranbatan göllərinin yerində yeni anbar yaradılır. Eyni zamanda hələ müharibədən əvvəl tikintisinə başlanmış Samur-Dəvəçi kanalı Abşerona qədər uzadılır. 1957-ci ildə anbarın su ilə doldurulmasına başlanır. Bundan sonra 1961, 1966 və 1978-ci illərdə mərhələlərlə Ceyranbatan su anbarının yaxınlığında sutəmizləyici qurğular kompleksi tikilib istifadəyə verilir.

  Cəmi iki beşillikdən sonra Xaçmaz və Ceyranbatandan Bakıya gətirilən suyun  əhalinin və sənayenin tələbatını ödəmədiyi məlum olur. Sənayenin inkişafı və əhalinin Bakıya axını Abşerona yeni su kəmərinin çəkilişini zəruri edir. Mütəxəssislərin tədqiqatlarından sonra Kür çayının sahilində təmizləyici qurğuların inşası və buradan Bakıya kəmərlərin çəkilməsi layihəsi təsdiqlənir. Kəmərin tikintisi isə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə reallaşır. 1969-cu ildə Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında sutəmizləyici qurğuların inşasına, eləcə də kəmərin çəkilməsinə başlanır. Cəmi bir il sonra, 1970-ci ilin sentyabrında birinci Kür Su Kəmərləri Sisteminin 1-ci növbəsi, 1971-ci ilin sentyabrında isə 2-ci növbəsi istifadəyə verilir.

   Buna baxmayaraq, Bakı şəhərinin və ətraf qəsəbələrin içməli suya tələbatı yenə də tam ödənmir və ikinci Kür Su Kəmərləri Sisteminin tikintisi haqqında qərar qəbul olunur. 1980-88-ci illərdə 3 növbədə Bakıya yeni magistral kəmərlər çəkilir. Bu kəmər vasitəsilə yeni salınan Günəşli və Əhmədli yaşayış massivlərini su ilə təmin etmək mümkün olur.

  1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə neft sənayesinin inkişafı və neft ixracından əldə olunan gəlirin digər sahələrə yönəldilməsi ölkə iqtisadiyyatında sürətli inkişafa yol açır. Bununla yanaşı, Bakıda çoxmərtəbəli binaların inşası, şəhər ətafında yeni yaşayış massivlərinin salınması ilə əhalinin sayında ciddi artım olur. Üstəlik 1988-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların dədə-baba torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan ordusu tərəfindən  işğalı nəticəsində 500 min nəfərdən artıq qaçqın və məcburi köçkün paytaxta pənah gətirir. İqtisadi inkişaf və yarımadada əhalinin çoxalması Abşerona verilən suyun həcminin artırılmasını yenidən gündəmə gətirir.

  Belə bir şəraitdə ölkə rəhbərliyi səviyyəsində Bakıya yeni mənbədən suyun gətirilməsinin müzakirəsinə başlanır. Bu məsələ ilk dəfə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 2002-ci ilin dekabrında keçirilən müşavirədə qaldırılır. Ulu öndər Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirir və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verir.  Qısa müddət ərzində mütəxəssislər bu zonanın su ehtiyatlarını, onların tərkibini, gələcəkdə çəkiləcək kəmərin keçəcəyi əraziləri öyrənməyə başlayır. Texniki-iqtisadi əsaslandırma və layihə hazır olandan sonra, 2005-ci ilin sentyabrında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və Böyük Bakının su təchizatının yaxşılaşdırılmasına həsr olunan müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edilir və qərara alınır ki, tezliklə işlərə başlansın. 2007-ci ilin martında kəmərin təməlqoyma mərasimi keçirilir.  Oğuzdan Bakıya qədər diametri 2000 mm olan 262,5 km uzunluğunda özüaxımlı su xətti çəkilir. Paralel olaraq Oğuz rayonu ərazisində 78 istismar quyusu qazılır və sınaqdan keçirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 2010-cu ilin sonunda başa çatır. 2010-cu il dekabrin 28-də isə kəmərin rəsmi açılış mərasimi keçirilir və ilk su Bakı sakinlərinə çatdırılır. 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir