Facebook Twitter Instagram Youtube Google+
   
Çıxışlar


 Prezident İlham Əliyevin Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində çıxışı

- Əziz dostlar! Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz yeni böyük su layihəsinin təməl daşını qoyduq. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
 
  Bu layihənin çox böyük əhəmiyyəti vardır. Bildiyiniz kimi, son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir, bu proses geniş vüsət almışdır. Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var idi. Çünki bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü, kanalizasiya layihələri ümumiyyətlə yox idi. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələrin icrası nəzərdə tutulur.
 
  Şirvan-Muğan su kəməri də bu böyük proqramın tərkib hissəsidir. Bu gün təməl daşını qoyduğumuz layihəəminəm ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, altı rayonun su problemi demək olar ki, həll olunacaqdır. Bu layihə Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Salyan və Sabirabad rayonlarının 121 kəndini və beş şəhərini əhatə edəcəkdir. Beləliklə, bu layihənin və digər bölgələrdə su layihələrinin icra edilməsi nəticəsində uzun illər problem olaraq qalan su məsələsi öz həllini tapacaqdır. Beləliklə, Azərbaycan yeni mərhələyə qədəm qoyacaqdır. Çünki ölkəmizdə gedən geniş quruculuq, abadlıq işləri bütün sahələri əhatə edir. Bu işlərin içərisində infrastruktur layihələri birinci yerdədir və son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür. Demək olar ki, bizim indi enerji potensialımız xeyli dərəcədə artmışdır və biz nəinki özümüzü təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac edirik. Bizdə yaranan enerji gücləri imkan verir ki, öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edək və gələcəkdə daha böyük həcmdə enerji ixrac edək. Hazırda Şirvan şəhərində tikilməkdə olan “Cənub” elektrik stansiyasının bu il işə düşməsindən sonra enerji potensialımızın artırılmasına yeni təkan veriləcəkdir. Biz indi yeni elektrik xətlərinin çəkilişi ilə gələcəkdə elektrik enerjisini ixrac etmək üçün yeni imkanlara malik olacağıq.
 
  Ölkəmizdə qazlaşdırma layihələri icra edilir. Vəzifə qoyulmuşdur ki, gələn ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatsın. Ucqar dağ kəndləri istisna olmaqla bütün qalan kəndlərə təbii qazın verilməsi nəzərdə tutulur. Bu altı rayonda 100 faiz qazlaşdırma gələn ilin sonuna qədər başa çatmalıdır. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür. Prezidentin Ehtiyat Fondundan ən çox ayrılan vəsait məhz kənd yollarının tikintisinə yönəldilir. Bu da təbiidir. Çünki kəndlərdə yollar, onların vəziyyəti bizi qane edə bilməz və biz yeni müasir asfalt yolların tikilməsi ilə bu böyük problemi də həll etmiş oluruq. Yenə də bu məsələnin həlli üçün konkret tapşırıqlar verilmişdir, müddət müəyyən edilmişdir vəəminəm ki, gələn ilin sonuna qədər əksər kəndlərdə yeni yollar çəkiləcək və bu proses bundan sonra da davam edəcəkdir. Elə etməliyik ki, Azərbaycanda bütün kəndlərdə yaxşı yollar olsun. Yəni, bu böyük layihələr əslində Azərbaycanda mövcud olan infrastrukturun yeniləşdirilməsi məqsədini daşıyır. Bunların içində su və kanalizasiya problemləri xüsusi əhəmiyyət kəsb edir. Çünki su həyat, inkişaf deməkdir, kənd təsərrüfatının inkişafı, insanların sağlamlığı deməkdir.
 
   Həm Bakıda, həm bölgələrdə müasir standartlara cavab verən yeni su xətləri insanların sağlamlığına da böyük dəstək olacaqdır. Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.
 

   Bakını içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri artıq istismara verilmişdir və bu kəmərin fəaliyyəti nəticəsində su ilə təchizat xeyli dərəcədə yaxşılaşdırılmışdır. Bakı qəsəbələrində bu layihə icra edilir və bəzi qəsəbələrdə artıq 24 saat fasiləsiz su verilir. Eyni yanaşma bölgələrdə də tətbiq edilir. Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin. Bu gün başladığımız layihə bu bölgənin su ilə təminatını xeyli dərəcədə yaxşılaşdıracaqdır. Bu yeni imkanlardan istifadə edəcək insanların sayı 470 mindir. Nəzərə alsaq ki, Kür-Araz boyu yerləşən çaylarda modul tipli təmizləyici qurğular quraşdırılır və artıq 200-dən çox kənddə bu qurğular quraşdırılıbdır, 400 mindən artıq əhali artıq təmiz, içməli su ilə təmin edilir, bu layihələrin nə qədər böyük əhəmiyyəti olduğunu görmək mümkündür.

   Mən şübhə etmirəm ki, qarşımıza qoyduğumuz bütün vəzifələr vaxtında və keyfiyyətlə icra ediləcəkdir. Bunu demək üçün əsas vardır. Çünki ölkəmiz yeniləşir, müasirləşir. Ölkəmizdə dövlət xətti ilə həyata keçirilən bütün layihələr ekspertizadan keçirilir. Onların müasir standartlara cavab verməsi üçün lazımi tədbirlər görülür.

   Bizim valyuta ehtiyatlarımız artır, maddi imkanlarımız genişlənir. Texniki imkanlar da genişlənir. Bu da çox vacibdir. Mən çox şadam ki, Azərbaycanda infrastruktur layihələrində iştirak edən şirkətlərin mütləq əksəriyyəti yerli şirkətlərdir. Hələ bir neçə il bundan əvvəl biz daha çox xarici şirkətlərə müraciət edirdik. Onların dəstəyinə ehtiyac var idi. Ancaq yeni kadrların hazırlanması, bu sahədə dövlət siyasətinin aparılması nəticəsində yeni şirkətlər, yəni Azərbaycan şirkətləri artıq bu işləri görür. Bunun çox böyük mənası vardır. Çünki birincisi, iş yerləri yaradılır, ikincisi, yerli şirkətlər böyüyür, daha çox vəsait əldə edir, vergilər ödəyir. Dövlət xətti ilə icra edilən layihələrə Azərbaycan şirkətlərinin cəlb edilməsi bu prosesi daha da stimullaşdırır. Dövlət tərəfindən özəl sektora göstərilən dəstək, eyni zamanda, maddi dəstək, yerli şirkətlərin Azərbaycanda icra edilən layihələrə cəlb edilməsi prosesi bütün bu yeni reallıqları təmin edir. Yəni, bizim texniki imkanlarımız, peşəkar kadrlarımız vardır. Dövlət şirkətlərində yeni, müasir standartlara keçid mərhələsi də çox uğurla gedir. Çünki bu da çox vacibdir. Bizim şirkətlərimiz, xüsusilə dövlət şirkətlərimiz dünya standartlarına cavab verməlidir. Hazırda biz bunu görürük və əminəm ki, bu layihənin icrası da uğurlu olacaq və uzun illər bundan sonra bu altı rayon və digər rayonlar davamlı, dayanıqlı içməli su ilə təmin ediləcəklər. Onu da qeyd etməliyəm ki, bu layihə ehtiyatla icra edilir. Çünki əhalinin artımı nəzərə alınmaqla suyun verilmə həcmi 2035-ci ilə hesablanıbdır. Yeni xətlərin çəkilməsi, yeni texniki tədbirlərin görülməsi nəticəsində 2035-ci ildən sonra da bütün bu bölgələr su ilə təmin ediləcəkdir.

   Azərbaycanın inkişafı bu istiqamətdə uğurla gedir, hər bir istiqamətdə uğurla gedir. Bizim gördüyümüz işlərin təməlində Azərbaycan vətəndaşının zəhməti dayanır və biz bütün bu uğurları öz hesabımıza əldə edə bilmişik. Biz iqtisadi islahatlar, uğurlu enerji siyasəti aparmaqla müstəqil siyasətimizi təmin edə bilmişik. İqtisadi sahədə müstəqillik siyasi sahədə müstəqilliyi şərtləndirir və bu gün Azərbaycanın iqtisadi vəziyyəti çox müsbətdir.

  Bizim valyuta ehtiyatlarımız artır, dövlət büdcəsindən maliyyələşən layihələr, o cümlədən infrastruktur layihələri ölkəmizi irəliyə aparır. İqtisadi sahədə gördüyümüz işlər özəl sektorun inkişafına səbəb olur və hazırda ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşır. Sosial siyasət çox fəal aparılır. Bu layihə, eyni zamanda, Azərbaycan dövləti tərəfindən aparılan sosial siyasətin təzahürüdür. Çünki bu layihə böyük vəsait tələb edir və bu vəsait heç vaxt suyun tarifləri ilə tam şəkildə geri qayıtmayacaqdır. Yəni bu layihənin iqtisadi səmərəsi çox aşağıdır. Biz buna bu prizmadan yanaşmırıq. Çünki bu layihə sırf sosial məna, sosial xarakter daşıyır - insanları təmiz içməli su ilə təmin edək və beləliklə, bu ciddi problemi həll edək.

  Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur. Ona görə sosial siyasətin aparılması müxtəlif istiqamətlərdə özünü büruzə verir – bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma layihələrinin həyata keçirilməsində, sosial ödəmələrin, əmək haqqının, pensiyaların artırılmasında, sovet dövründən qalmış əmanətlərə kompensasiya verilməsində, ünvanlı sosial proqramın icra edilməsində. Bu siyahını davam etdirmək olar. Azərbaycan o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə sosial proqramları ixtisar etməmiş, əksinə onları artırmışdır.

  İndi Avropada hökm sürən və hələ sonu çatmayan iqtisadi və maliyyə böhranı davam edir. Bu böhranın ikinci dalğası başlanmışdır. Artıq böyük ölkələr də bu çətinliklərlə üzləşirlər - sosial ödəmələr, iş yerləri, büdcə xərcləri ixtisar edilir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Bu böhranlı illərdə biz sovet dövründən qalan əmanətlərin kompensasiyasına başlamışıq. Yəni, bu, böyük layihədir, böyük iqtisadi və maliyyə resursları tələb edən layihədir.

   Bu böhranlı illərdə infrastruktur layihələrinə daha da böyük diqqət göstərilir. Dövlət büdcəsinin xərcləri daha da artırılır. Bizim ümumi xərclərimiz artır. Yəni, bu gün Azərbaycan reallıqları bundan ibarətdir. İndiki reallıqlarımızın başlıca səbəbi odur ki, biz öz hesabımıza yaşamışıq, borc almamışıq. Bizim dövlət borcumuz ümumi daxili məhsulda cəmi yeddi faiz təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, hətta 100 faizi də keçir, 80 faiz olan yerlərdə hesab olunur ki, orada dövlət borcu yaxşı səviyyədədir. Bizdə isə yeddi faizdir. Biz ayağımızı yorğana görə uzatmışıq və bu yanaşma hər yerdə olmalıdır – ailədə, siyasətdə, iqtisadi islahatların aparılmasında. Ona görə biz özümüzü tam əmin və rahat hiss edirik.

   Valyuta ehtiyatlarımız ildən-ilə artır, enerji layihələrimiz bizə imkan verir ki, bundan onilliklər sonra da Azərbaycanı inkişaf yolu ilə irəliyə aparaq. Güclü sosial layihələrin icrası imkan verir ki, insanları ən çox narahat edən məsələlər həllini tapsın. Onların içərisində su layihəsi birinci yerdədir. Odur ki, bu gün toplaşdığımız mərasimdə başlanan layihəyə çox böyük önəm verilir və ona görə də biz bu gün təməl daşını böyük təntənə ilə qoyuruq. Çünki bu layihə doğrudan da ölkəmizdə gedən proseslərin əyani təzahürüdür. İnkişaf, sosial siyasətin aparılması, iqtisadi islahatların davam etdirilməsi və öz hesabımıza yaşamağımız bu gün Azərbaycan reallıqlarıdır. Mən tam əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir.

   Bu yaxınlarda bu ilin birinci altı ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi. Bütün statistik göstəricilər yüksək səviyyədədir. İlin sonuna qədər bütün proqramlar və infrastruktur layihələri həllini tapacaqdır. Beləliklə, biz bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəyik.

  2004-cü ildə bizim tərəfimizdən irəli sürülmüş, bu gün uğurla icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas alət idi və bölgələrin inkişafı, bölgələrdə yeni iş yerlərinin, yeni müəssisələrin yaradılması artıq bir ənənəyə çevrilibdir. Elə həftə keçmir ki, hansısa yeni müəssisə, yeni istehsal sahələri yaradılmasın, yeni iş yeri açılmasın. Budur, Azərbaycan reallıqları. Bir daha demək istəyirəm ki, bu reallıqları biz təmin etmişik, Azərbaycan xalqı öz zəhməti ilə və Azərbaycan dövləti öz müstəqil siyasəti ilə.

   Mən bu gün sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Bu gün burada altı rayonun nümayəndələri toplaşmışlar. Xahiş edirəm, mənim səmimi salamlarımı yaşadığınız rayonların sakinlərinə çatdırasınız. Əminəm ki, gələn ilin sonuna qədər bütün altı rayonda gözəl mərasimlər keçiriləcəkdir və bu altı rayona təmiz içməli suyun verilməsi mərasimində sizinlə birlikdə iştirak edəcəyik.

  Bir daha sizi təbrik edirəm.

 

 

 Prezident İlham Əliyevin Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində çıxışı

   Əziz dostlar, bu gün biz çox gözəl və əlamətdar hadisəni qeyd edirik. Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü. Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. 
   Beş il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı təşəbbüs irəli sürüldü. Mən o günləri yaxşı xatırlayıram. 2005-ci ildə mənim təşəbbüsümlə geniş müşavirə keçirildi. Müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edildi. O vaxt biz əlbəttə bəlkə təsəvvür edə bilməzdik ki, bu, nə dərəcədə böyük və mürəkkəb layihə olacaqdır. Ancaq iradəmiz və istəyimiz bizə bu layihənin həyata keçirilməsinə imkan yaratdı. 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməl daşı qoyuldu, ondan sonra tikintisi başladı və bu gün biz artıq bu kəmərin istifadəyə verilməsini bərabər qeyd edirik. 
   Bu kəmərin Bakı sakinləri üçün çox böyük əhəmiyyəti olacaqdır. Bildiyiniz kimi, Bakı şəhərində əhalinin 60 faizi içməli suyu fasilələrlə alır. Əlbəttə ki, müasir şəhər üçün bu, dözülməz bir vəziyyətdir. Bakıda su problemi əsrlər boyu mövcud idi. Bütün dövrlərdə Bakının içməli su ilə təmin edilməsi üçün müxtəlif tədbirlər görülürdü. Ancaq paytaxtımızın böyüməsi, şəhərdə əhalinin artması nəticəsində əlbəttə ki, görülən tədbirlər lazımi səmərə vermirdi. Ona görə yeni mənbədən təmiz, keyfiyyətli suyun Bakıya gətirilməsi qarşımızda duran əsas məsələlərdən biri idi. Mən çox şadam ki, biz buna nail olduq. Mənə verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcəkdir. 

   Biz bundan sonra da çalışmalıyıq ki, Bakı şəhərinin su probleminin əsaslı şəkildə həll edilməsinə nail olaq. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron su kanalının istifadəyə verilməsi nəticəsində Bakıda suyun həcmi daha da artacaqdır. Bununla bərabər, artıq bu vaxta qədər bu layihə - Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi və nəzərdə tutulmuş digər layihələr çərçivəsində böyük işlər görülmüşdür. Bakıda su anbarları, paylayıcı xətlər tikilmişdir. Yəni, biz bu infrastrukturu tamamilə yeniləşdirməliyik və elə etməliyik ki, Bakıda su təchizatı ilə bağlı vəziyyət dünyanın aparıcı şəhərlərində olan vəziyyətdən geri qalmasın, bəlkə də ondan daha da yaxşı olsun. Buna nail olmaq üçün bizdə bütün imkanlar vardır. İlk növbədə güclü iradə, düşünülmüş siyasət vardır. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bu kəmərin tikintisinə böyük maliyyə vəsaiti ayırdıq və bilirik ki, bu vəsait bəlkə də geri qayıtmayacaqdır. Çünki bildiyiniz kimi, bu layihə kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü layihədir və böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir. 
Əgər iqtisadi imkanlarımız olmasaydı, əlbəttə ki, biz bu layihəni həyata keçirə bilməzdik. Çünki inanmıram ki, hansısa beynəlxalq maliyyə qurumu bu layihəyə kredit ayıra bilərdi. Çünki adətən, daha çox kommersiya xarakterli layihələrə vəsait ayrılır. Digər tərəfdən, əgər Azərbaycanın bu gün güclü maliyyə resursları olmasaydı, ümumiyyətlə, xaricdən kredit almaq məsələsi gündəlikdə qalmazdı. Bizim uğurlu iqtisadi siyasətimiz, Azərbaycanın ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla icra edilən neft strategiyası bütün bu reallıqları mümkün etmişdir. 
Bu gün xaricdən, xarici maliyyə bazarlarından Azərbaycana vəsait cəlb etmək üçün bütün imkanlarımız vardır. Ancaq bu layihəni özümüz öz hesabımıza, kredit almadan həyata keçirdik. Bu layihə Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir. Bilirsiniz ki, Dövlət Neft Fondunun həyata keçirdiyi layihələr ölkənin inkişafı üçün prioritet məna daşıyır. Hər bir layihənin Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilməsi, əlbəttə ki, geniş müzakirə olunur və lazımi qərarlar qəbul edilir. Neft Fondunun xətti ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir və Oğuz-Qəbələ-Bakı su kəmərinin bu layihələr sırasına salınması bizim niyyətimizi göstərir. Əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsi digər tərəfdən rəmzi xarakter daşıyır. Neft hasilatından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilmişdir. 

   Bu, doğrudan da çox rəmzi xarakter daşıyan bir məsələdir, bir daha Azərbaycanın uğurlu siyasətini göstərir. Bir də onu göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik. Biz bundan sonra da çalışacağıq ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək. Oğuz-Qəbələ-Bakı su kəməri bunu çox açıq-aydın göstərir. Bu, bir daha demək istəyirəm ki, böyük maliyyə vəsaiti, böyük texniki peşəkarlıq tələb edən layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik. Əsas məsələ ondan ibarətdir ki, bütün başqa sahələrdə nəzərdə tutulan buna bənzər tədbirlər görülsün. Bizim konkret proqramlarımız - regional inkişaf proqramı, ölkəmizin gələcək inkişaf proqramı vardır. Biz fəaliyyətimizi bu proqramlara uyğun şəkildə qururuq. Son illər ərzində əldə edilmiş uğurlar, artan iqtisadiyyat və gözəlləşən, abadlaşan şəhərlər, yeniləşən infrastruktur – bütün bunlar Azərbaycan reallıqlarıdır. Ölkəmiz gələcəyə uğurla gedir. Bu gün həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra uzun müddət ərzində, onilliklər ərzində uğurlu inkişafına xidmət göstərəcəkdir. Elektrik xətləri, qazlaşdırma, yolların çəkilməsi, sosial infrastrukturun yaradılması, su kəmərlərinin tikintisi. İndi isə Oğuz-Qəbələ-Bakı su kəməri içməli su layihələri arasında ən böyük layihədir. Ancaq bununla bərabər hazırda Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya problemlərinin həlli üçün praktiki işlər, yaxud da ki, bu işlərin görülməsi üçün hazırlıq tədbirləri aparılır. Bütün rayonlarda bu ağır və çətin, bizim üçün həmişə, əfsuslar ki, ənənəvi olan bu problem öz həllini tapacaqdır. Bununla bərabər, hazırda çaylar boyu yerləşən kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 300 mindən artıq Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilir. Bu proses davam etdirilir. Onlar vaxtilə keyfiyyətsiz çay sularından istifadə edirdilər. Yəni bu gün qarşımızda duran əsas məsələlərdən biri içməli su, kanalizasiya layihələrinin həyata keçirilməsidir. Biz çalışırıq ki, bu məsələ də Azərbaycanda dünya səviyyəsində həll olunsun. Mən ümid edirəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra bu problem ölkə miqyasında bütövlükdə həllini tapacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün bizdə bütün imkanlar, güclü siyasi iradə, düşünülmüş siyasət, konkret proqramlar, artıq peşəkar kadrlar, güclü yerli şirkətlər vardır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurludur və bu layihənin icrasında xarici şirkətlər iştirak etmişlər. Bizdə artıq güclü maliyyə bazası vardır, daxili imkanlar çox böyükdür. Biz istənilən layihəni öz gücümüzlə həll edə bilərik və bunu edirik. İcra edilən bütün layihələrin məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycanda iqtisadi inkişafı sürətləndirmək, insanların yaşayış səviyyəsini və rifah halını yaxşılaşdırmaqdır. Budur bizim əsas məqsədimiz və hədəfimiz. Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava – biz bütün bunlara nail olmalıyıq. Bu gün Bakıda və başqa bölgələrdə görülən işlər - ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş işlər bu məqsədi daşıyır. Bu gün Bakıda böyük məişət tullantıları emalı zavodu tikilir, artıq Balaxanı zibilxanası təmizlənibdir və oradan tüstülər daha qalxmır, şəhəri bürümür. Bu, təmiz hava deməkdir. Biz “Avro-2” standartlarına keçmişik. İndi “Avro-3” standartlarına, ondan sonra “Avro-4” və s. daha da yüksək ekoloji standartlara keçməliyik. Bu, nəyə gətirib çıxaracaqdır?! Ona gətirib çıxaracaqdır ki, hava daha da təmiz olacaqdır. Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Əlbəttə ki, istər-istəməz bu, havanı çirkləndirir. İnsanların yaşayış səviyyəsi qalxır, hər il Bakıya on minlərlə avtomobil gətirilir. Bu da, əlbəttə, havanın çirklənməsinə ən böyük zərbə vuran amildir. Biz havanı təmizləməliyik. İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. İdmanla məşğul olmaq – bu da sağlamlıqdır. Yeni xəstəxanaların, diaqnostika komplekslərinin tikintisi - bu da sağlamlığı qoruyan amillərdir. Təmiz içməli su, təmiz hava, təmiz ekologiya – bunlar da sağlamlıqdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin. 

   Mən sizi, Bakı sakinlərini, bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan vətəndaşlarını əmin etmək istəyirəm ki, bundan sonra da biz öz fəaliyyətimizdə ölkəmizin inkişafı, Azərbaycanda sosial problemlərin həlli üçün əlimizdən gələni edəcəyik və ölkəmizi irəliyə uğurla aparacağıq. Əziz dostlar, fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

 


   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir