Facebook Twitter Instagram Youtube Google+
   
KÜR

   Ötən əsrin 60-cı illərində Bakı şəhərində yeni yaşayış massivlərinin və mikrorayonların salınması, ətraf qəsəbə və kəndlərin böyüməsi nəticəsində Abşeron yarımadasında içməli suya tələbat kəskin artmışdı. Xaçmazdan çəkilmiş iki su kəməri ilə gətirilən və Ceyranbatan sutəmizləyici qurğular kompleksində emal olunan su tələbatı ödəmirdi. İstehlakçıların su təchizatının dayanıqlılığını təmin etmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında Kür çayının sahilində sutəmizləyici qurğular kompleksinin inşası və oradan Bakıya kəmərlərin çəkilməsinə başlanır.

                      

   1969-cu ildə layihənin icrasına start verilir və ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “xalq tikintisi”nə çevrilən layihə qısa müddətdə tamamlanır.  Kür su kəmərləri sisiteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilir. Təmizlənən suyu Bakı sakinlərinə çatdırmaq üçün Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında yerləşən kompleksdən 2 ədəd magistral kəmər çəkilir.  Birinci mərhələdə kəmərlərlə paytaxta saniyədə 3,2 kubmetr  içməli su ötürülsə də,  bu artan tələbatı ödəmirdi.

     Abşeronun içməli su təchizatını yaxşılaşdırmaq üçün 1980-ci illərdə Kür su kəmərləri sisiteminin ikinci növbəsi tikilir. 3 mərhələdə (1984, 1986 və 1988-ci illərdə) Bakıya daha 3 magistral su kəməri çəkilir. Kür su kəmərlərin birinci növbəsinin məhsuldarlığı saniyədə 3,3 kubmetr (sutkada 285 000 kubmetr), ikinci növbənin məhsularlığı saniyədə 6,2 kubmetr (536 000 kubmetr) olmaqla qurğuların ümumi məhsuldarlığı saniyədə 9,5 və ya sutkada 820 000 kubmetrdir. Kür su kəmərləri sisiteminin ikinci növbəsinin istismara verilməsi ilə yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində müşahidə olunan su qıtlığı aradan qaldırılıb.

   Sutəmizləyici qurğuların iş prinsipinə gəlincə, qeyd etməliyik ki, Kür çayından götürülən su əvvəlcə radial və üfüqi durulducularda reagentlərlə lildən təmizlənir (birinci Kür sutəmizləyici qurğularda 6, ikinci Kür sutəmizləyici qurğularda isə 8 ədəd radial durulducular var). Növbəti mərhələdə süzgəclərdən keçən su sonradan xlorlanaraq qaldırıcı nasoslar vasitəsilə Bakı istiqamətinə nəql edilir. Uzaq məsafədən (142,5 km) suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Sanqaçal qəsəbəsi yaxınlığında bir daha qaldırıcı nasoslardan istifadə olunur.

  1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılmışdır. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulmuş, nəticədə kompleksdə emal olunan suyun keyfyiyyəti standartlara uyğunlaşdırılmışdır.

  Kür su kəmərləri sisteminin imkanlarından yararlanmaqla 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri tikilmişdir. Magistral kəmərin  tam istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini  keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaqdır.

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir